...

Azərbaycan və Aİ arasında yeni saziş ticarətin genişlənməsinə kömək edəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 Mart 2015 16:11 (UTC +04:00)
Avropa İttifaqı (Aİ) ölkələri və Azərbaycan arasında ticarət əlaqələrinin genişləndirilməsi üçün yeni sazişin imzalanmasına ehtiyac var.
Azərbaycan və Aİ arasında yeni saziş ticarətin genişlənməsinə kömək edəcək

Azərbaycan, Bakı, 30 mart /Trend, müxbir Anaxanım Hidayətova/

Avropa İttifaqı (Aİ) ölkələri və Azərbaycan arasında ticarət əlaqələrinin genişləndirilməsi üçün yeni sazişin imzalanmasına ehtiyac var. Bunu Trend-ə tərəflər arasında ticarət-iqtisadi əlaqələrin inkişafı ilə bağlı sualı cavablandırarkən Aİ-nin mətbuat xidmətindən deyiblər.

Aİ-dən bildiriblər ki, Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşıdır və Azərbaycanın xarici ticarətində Avropa ölkələrinin payı 42,4 faizdir: "Son illər tərəflər arasında ticarət əlaqələri artıb, lakin əməkdaşlığı bundan sonra da genişləndirmək lazımdır. Hazırda Azərbaycanın idxalı və ixracında Aİ-nin payı müvafiq olaraq 48,3 və 27,7 faizdir. Avropa ölkələri Azərbaycana əsasən maşınlar, nəqliyyat vasitələri ixrac edir və mineral yanacaqlar idxal edir".

Hazırda Azərbaycan və Aİ arasında ikitərəfli əlaqə 1996-cı ildə imzalanmış və 1999-cu ildə qüvvəyə minmiş tərəfdaşlıq və əməkdaşlıq sazişi əsasında tənzimlənir.

Məlumatda qeyd edilir: "Bu, preferensial saziş deyil, buna görə də ikitərəfli ticarətdə kəmiyyət məhdudiyyəti qadağan edilib. Mövcud saziş Azərbaycanın qanunvericiliyi və prosedurlarının Aİ-nin daha vacib beynəlxalq və ticarət normalarına yaxınlaşmasını nəzərdə tutur ki, bu da Azərbaycan məhsullarının Aİ-nin bazarlarına çıxışını yaxşılaşdırmalıdır".

Bundan başqa, Aİ Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına üzv olmaq səylərini fəal şəkildə dəstəkləyir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti