...

Şəmkirin içməli su problemi olmayacaq (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 Aprel 2015 15:23 (UTC +04:00)
Dövlət büdcəsi hesabına maliyyələşdirilən layihə çərçivəsində Şəmkir şəhərinin içməli su təchizatının yaxşılaşdırılması məqsədilə uzunluğu 16,5 km olan Şəmkirçay-Şəmkir magistral su xəttinin tikintisinə başlanılıb.
Şəmkirin içməli su problemi olmayacaq (FOTO)

Azərbaycan, Bakı, 21 aprel /Trend/

Dövlət büdcəsi hesabına maliyyələşdirilən layihə çərçivəsində Şəmkir şəhərinin içməli su təchizatının yaxşılaşdırılması məqsədilə uzunluğu 16,5 km olan Şəmkirçay-Şəmkir magistral su xəttinin tikintisinə başlanılıb.

"Azərsu" ASC-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Şəmkirçay-Şəmkir magistral su xətti Şəmkirçay su anbarının ehtiyatlarından istifadə etməklə Şəmkir şəhərinin içməli su təchizatının yaxşılaşdırılması məqsədilə inşa edilir. Tikintisinə 2015-ci ilin mart ayında başlanılmış kəmərin 12 km-lik hissəsinin inşası yekunlaşıb. Magistral xəttin qısa müddətdə istismara verilməsi məqsədilə kəmərin marşrutu boyunca eyni vaxtda 4 nöqtədə tikinti işləri aparılır. Tikintinin may ayının ortalarında başa çatdırılması nəzərdə tutulur. Uzunluğu 16,5 km olan kəmərin 14,5 km-lik hissəsi 426 mm və 530 mm diametrli polad, 2 km-lik hissəsi isə 630 mm diametrli polietilen borularla tikilir. Şəmkirçay-Şəmkir magistral kəmərinin tikintisi müasir standartlara uyğun olaraq həyata keçirilir. Belə ki, tikinti zamanı qaynaq tikişlərinin keyfiyyətinə xüsusi nəzarət olunur və hər bir qaynaq tikişi diaqnostik cihaz vasitəsilə yoxlanılır. Müvafiq rəy verildikdən sonra borular izolyasiya olunaraq xəndəyə endirilir.

Kəmərlə özüaxımlı rejimdə nəql olunacaq içməli su Şəmkir şəhərində yeni inşa edilmiş su anbarına ötürüləcək və buradan paylanacaq. Layihəyə uyğun olaraq kəmərlə Şəmkir şəhərinə saniyədə 180 litr su ötürüləcək. Bu da imkan verəcək ki, Şəmkir şəhərinin sakinləri, həmçinin buradakı sənaye və turizm obyektlərinin içməli suya olan tələbatı tam ödənilsin.

Dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilən Şəmkir şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi 2035-ci ilə perspektiv inkişaf nəzərə alınmaqla 47 min nəfərin içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına hesablanıb. İcrasına 2011-ci ilin oktyabrında başlanmış layihəyə uyğun olaraq Şəmkir şəhərinin 2 mənbədən içməli su ilə təmin olunması nəzərdə tutulub. Birinci mənbə olaraq Cəyir çayının hövzəsində 2012-2013-cü illərdə yeni drenaj sistemi yaradılıb, 7 km uzunluğunda magistral, 5 km uzunluğunda anbarlararası su xətləri çəkilib. 2013-cü ilin sentyabrın 5-də Prezident İlham Əliyevin iştirakı ilə bu mənbədən Şəmkir şəhərinə içməli suyun verilməsi təmin edilib.

İçməli suyun şəhərə özüaxımlı rejimdə verilməsi üçün relyef baxımından yüksək nöqtələrdə ümumi həcmi 7000 kubmetr olan 4 ədəd su anbarı inşa edilib. Layihə çərçivəsində yeni xlorator qurğusu və laboratoriya binası tikilib. Şəmkir şəhərində inşası nəzərdə tutulmuş 240 km şəhərdaxili su şəbəkəsinin 165 km-lik hissəsinin tikintisi yekunlaşıb, 5700 abunəçi şəbəkəyə qoşulub, 5100 ədəd smart-kart tipli sayğac quraşdırılıb. Şəhərdaxili şəbəkənin hazır olan hissəsinə yeni mənbədən içməli suyun verilməsinə başlanılıb və artıq yeni şəbəkəyə qoşulan istehlakçılar 24 saat fasiləsiz içməli su ilə təmin olunur.

Şəmkir şəhərində inşası nəzərdə tutulmuş 203 km kanalizasiya şəbəkəsinin 138 km-lik hissəsində işlər başa çatıb. Eyni zamanda, uzunluğu 20 km layihələndirilən kanalizasiya kollektorunun 2100 metrlik hissəsi tikilib. Tullantı suları şəhərin kənarında inşa ediləcək və məhsuldarlığı sutkada 25 min kubmetr olan çirkab sutəmizləyici qurğuya ötürüləcək.

Qeyd edək ki, Şəmkir şəhərinin su təchizatı sistemləri 1960-cı illərdə yaradılıb. Şəmkir şəhəri içməli su ilə Cəyir çayı yatağında yaradılmış drenaj sistemi, subartezian quyuları və kəhrizlər vasitəsilə təmin olunsa da, bu, mövcud tələbatı ödəmirdi. Ümumi uzunluğu 113 km olan magistral və paylayıcı su xətləri istismara yararsız vəziyyətə düşüb. Yeni layihə icra olunana qədər Şəmkir şəhərinin əhalisinin cəmi 32 faizi mərkəzləşmiş qaydada içməli su ilə təmin olunurdu və onlara içməli su 2-3 saatlıq qrafik əsasında verilirdi. Şəhərdə kanalizasiya şəbəkəsi mövcud olmayıb.

Qeyd edək ki, 2014-cü ildə istismara verilmiş Şəmkirçay su anbarından Şəmkir şəhəri ilə yanaşı, Gəncə və Samux şəhərlərinə də içməli su veriləcək. 27 km uzunluğunda Şəmkirçay-Gəncə magistral kəmərinin inşası yekunlaşıb və bu yay mövsümündən etibarən Gəncə sakinləri də bu mənbədən içməli su alacaqlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti