...

"Bank Technique" İnnovativ Məsafəli Bankçılıq xidmətlərinin təqdimatını keçirib

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 May 2015 16:16 (UTC +04:00)
“Bank Technique” İnnovativ Məsafəli Bankçılıq xidmətlərinin təqdimatını keçirib.
"Bank Technique" İnnovativ Məsafəli Bankçılıq xidmətlərinin təqdimatını keçirib

"Bank Technique" Bakıda Four Seasons hotelində təşkil edilmiş təqdimat mərasimində "Technique Online" tamfunksional internet-bankçılıq sistemini, "Technique Mobile" smartfonlar üçün mobil proqramını və Azərbaycan bazarı üçün unikal hesab edilə bilən və bank əməliyyatlarının telefon əlaqəsi vasitəsilə icrasını təmin edən "Technique ID" qabaqcıl identifikasiya sistemini birləşdirən ən yeni İnnovativ Məsafəli Bankçılıq Xidmətlərini nümayiş etdirib.

Məsafəli xidmətlərlə yanaşı, bank Azərbaycanda ilk dəfə olaraq yeni kart məhsulunun - displeylə təchiz edilmiş bank kartlarının (displey-kartlar) buraxılışına başlayıb. Eyniləşdirmə sahəsində ən yeni məhsul kimi tanınan bu növ kartlar onlayn-bankçılıqda, ümumiyyətlə internetdə ən rahat və təhlükəsiz hesab edilir. Maqnit zolağı və çipdən əlavə, bu kartın üzərində kiçik maye-kristal ekran və düymə yerləşir. Düyməni sıxdıqda, displeydə internet-əməliyyatları keçirmək üçün, hər dəfə xüsusi, birdəfəlik kod əks olunur. Displey-kartlar digər bank kartları kimi ümumi istifadə oluna bilər.

online.banktechnique.az ünvanında yerləşərən "Technique Online" internet-bankçılıq sistemi müasir tələblərə cavab verərək, beynəlxalq nümunələrdən geri qalmır və əvvəllər Azərbaycanda mövcud olmayan potensialı ilə seçilir. Sistemdə qeydiyyatdan keçmiş həm fiziki, həm hüquqi şəxslər bank xidmətlərinin demək olar ki, bütün spektrindən məsafədən istifadə edə biləcəklər. Web-versiyanın imkanlarını təkrarlayan iOS və Android platformaları üçün hazırlanmış "Technique Mobile" mobil proqramını da müvafiq olaraq iTunes və Google Play onlayn mağazalarından pulsuz olaraq yükləmək mümkündür.

Tədbirdə çıxış edən Müşahidə Şurasının üzvü Rauf Ağayev istifadəyə verilən məsafəli xidmətlərin üstünlüklərindən danışaraq, 2012-ci ildə həyata keçirilən rebrendinqdən sonra "Bank Technique"in strateji hədəfinin ən təkmil məsafəli bankçılıq sistemini qurmaqdan ibarət olduğunu diqqətə çatdırdı. "Bu gün əminliklə demək olar ki, məqsədə nail olunub. Bankda cəmləşmiş peşəkarlar komandasının səyləri nəticəsində 3 illik transformasiya dövrü başa çatdırılıb və bu gün, növbəti "ilk"lərə imza ataraq, ölkədə əvvəllər mövcud olmayan məsafəli xidmətləri, eyniləşdirmə sistemlərini müştəriləriin ixtiyarına verməklə bank öz tarixinə daha bir parlaq səhifə yazır."

Sonra tədbirdə video təqdimat nümayiş etdirilib. Bankın Baş direktoru Kamran Axundov qonaqlara yeni istifadəyə verilən xidmətlər və displey-kartlar barədə məlumat verib. "Məsafəli xidmətləri işə salmadan öncə mövcud imkanları qiymətləndirdik və əmin olduq ki, bazarda müştərilərin tam həcmdə bank əməliyyatlarını məsafədən idarə etmək imkanı yaradan sistemlərə ehtiyac duyulur. Bu istiqamətdə qüvvələrimizi səfərbər etdik və istəyimizə nail olduq. Bu gün təqdim etdiyimiz "Technique Online", "Technique Mobile" və "Technique ID" sistemlərimiz kompüter, smartfon və planşet, adi telefon bağlantısı kanallarını əhatə edir. Sistemlər 24 saat iş prinsipi ilə fəaliyyət göstərir, istifadəyə verilmiş kanallar isə geniş əhatə dairəsinə malikdir. Beləliklə müştərilərimiz banka gəlmədən istənilən zaman bank xidmətlərimizdən istifadə imkanı qazanmış olurlar".

Baş direktorun sözlərinə görə, bugünkü uğuru qeyd etmək üçün son 3 il ərzində Bankda ciddi islahatlar aparılmışdır. Belə ki, bankın təşkilatı strukturu təkmilləşdirilmiş, yeni prosesinq mərkəzinə keçid tamamlanmış, müasir avtomatlaşdırılmış bank sistemi tətbiq edilmiş, elektron sənəd dövriyyəsinə start verilmiş, yeni xidmət və məhsullar hazırlanmışdır.

Və ölkədə ilk olaraq "Bank Technique" tam həcmdə məsafəli xidmətləri təklif etməyə nail olub. Ümumilikdə, məsafəli sistemlər 18 istiqamət üzrə 75 xidməti birləşdirməklə, demək olar ki, bütün bank əməliyyatlarını əhatə edir. Əlverişli tarifləri ilə seçilən xidmətlərə qoşulma ödənişsizdir və hər bir müştəri bundan faydalana bilər.

"Dünyaca məşhur şirkətlərlə əməkdaşlıq çərçivəsində ərsəyə gələn bu sistemlərin təhlükəsizliyi yüksək səviyyədə təmin edilir", - Kamran Axundov əlavə edib.

Qeyd edək ki, bank yeni Məsafəli xidmətlərinə dair mini-saytı da istifadəyə verib: www.distant.banktechnique.az.

Eyni zamanda, təqdimat mərasimində bankın yeni rəsmi saytı (www.banktechnique.az) yeni dizaynda təqdim edilib. Yeni sayt əvvəlki dizaynın və naviqasiyanın elementlərini təkrarlayır, eyni zamanda innovativliyi ilə seçilməklə, zamanın tələblərinə tam cavab verir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti