...

Bakıda Təhsil Nazirliyi və Caspian European Club-un biznes-forumu keçirilib (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 May 2015 12:54 (UTC +04:00)
Caspian European Club-un mayın 6-da Azərbaycan Respublikası təhsil naziri Mikayıl Cabbarovun iştirakı ilə keçirdiyi biznes-forumda təhsil sistemindəki islahatlar və inkişaf perspektivləri, bizneslə əməkdaşlıq imkanları müzakirə olunub.
Bakıda Təhsil Nazirliyi və Caspian European Club-un biznes-forumu keçirilib (FOTO)

Azərbaycan, Bakı, 7 may /Trend/

Caspian European Club-un mayın 6-da təhsil naziri Mikayıl Cabbarovun iştirakı ilə keçirdiyi biznes-forumda təhsil sistemindəki islahatlar və inkişaf perspektivləri, bizneslə əməkdaşlıq imkanları müzakirə olunub.

Caspian European Club-dan Trend-ə verilən məlumata görə, nazir M.Cabbarov biznes-forumda çıxış edərək bildirib ki, Azərbaycanda təhsilin inkişaf məsələlərinin Caspian European Club çərçivəsində müzakirəsini mühüm hesab edir: "Gənclərimizin məqsədi gələcək əmək faəliyyətlərində yararlana biləcəkləri biliklərə sahib olmaqdır. Bu baxımdan təhsil sistemi hər zaman işə götürənlərin fikrini nəzərə almalıdır. Odur ki, Caspian European Club çərçivəsində müzakirələr olduqca vacibdir və həmin müzakirələr ali təhsil müəssisələrində alınan biliklərin biliklərin praktik tətbiqi üçün platforma yaratmağa imkan verir", - deyə nazir qeyd edib.

M.Cabbarov həmçinin Təhsil Nazirliyinin fəaliyyəti və həyata keçirdiyi layihələr, eləcə də təhsil sisteminin inkişaf planları barədə məlumat verərərək Azərbaycanda ibtidai, orta və ali təhsilin əsas aspektlərinə toxunub. O, peşə təhsili sistemində qarşıya çıxan məsələlərdən ayrıca bəhs edib.

Nazirin sözlərinə görə, 2013-cü ildə prezident seçkilərindən sonra Azərbaycan Prezidenti İlham Əliyev təhsilin inkişafı üzrə dövlət strategiyasını təsdiqləyib. Burada gələcək fəaliyyəti müəyyənləşdirən 5 əsas istiqamət göstərilib. Cari ilin yanvarında bu strategiya əsasında Azərbaycan dövlətinin başçısı fəaliyyət planını təsdiq edib. "Yol xəritəsi" adlandırılan bu planda strategiyanın hədəflərinə nail olmaq üçün müddətlər və konkret təkliflər müəyyənləşdirilib. "Bu, bütün tərəflər - istər təhsil alan tərəf üçün, istərsə də cəmiyyətin digər nümayəndələri üçün çox maraqlı sənəddir" deyən nazir qeyd edib ki, "sənəd xüsusən biznes-perspektivlərin həyata keçirilməsi baxımından yeni imkanlar açır".

Nazir həmçinin strategiyanın beş əsas istiqamətinə də toxunub. O, müəllim amilinin mühüm rol oynadığını xüsusilə vurğulayıb. Bununla əlaqədar olaraq müəllimlərin əmək haqlarının və iş yükünün artırılması üzə islahatlar həyata keçirilib. "Bu, qarşıdakı uzun illər üçün mühüm hədəflərə nail olmağa imkan verən və bir sıra digər islahatlar aparılmasını nəzərdə tutan çox mühüm islahatdır. Eyni zamanda yüksək balla ali məktəblərə daxil olanlar üçün. Onlar ilk növbədə, müəllim mövqeyini göstərir. Onlar üçün xüsusi təqaüdlər nəzərdə tutulub", - deyə o bildirib.

Nazir həmçinin qeyd edib ki, sayı 150 mindən çox olan müəllimlər üçün ixtisas artırma kursları keçirilir. Analoji proqramlar orta məktəb direkorları üçün də mövcuddur.

Nazir infrastrukturun inkişafından bəhs edərkən deyib ki, Azərbaycanda 4481 məktəb fəaliyyət göstərir, özü də müstəqillik dövründə təqribən 3 min məktəb tikilib və təmir olunub. Bu proses davam etməkdədir.O, həmçinin ödənişli və dövlət tədris müəssisələri arasında olan "boşluqlar" məsələsinə də toxunub. Nazirin sözlərinə görə, Azərbaycanda təqribən 3 milyon şagird var və onların 1 faizindən azı, təqribən 10 min nəfər ödənişli məktəblərdə oxuyur. M.Cabbarov deyib: "Özəl məktəblərdə resurs dövlət məktəblərindəkindən fərqlidir. Dövlət hamını keyfiyyətli təhsillə təmin etməlidir. Gələn ildən biz məktəblər üzrə fənn təmayülləri tətbiq etməyi planlaşdırırıq".

Nazir, həmçinin təhsilin getdikcə müasirləşən mahiyyəti məsələsinə də toxunub. O deyib: "Biz təhsil standartını, yəni, bu gün diplomlu ali məktəb məzununun hansı biliklərə yiyələnməli olduğunu müəyyənləşdirməliyik. Özəl şirkətlər 10-15 il təhsil almış məzunu o qədər də həvəslə işə götürmürlər. Buna görə də qabiliyyəti və dərrakəsi olan kadrlar formalaşdırmaq lazımdır".

M. Cabbarov qeyd edib ki, nazirlik tələbələrə təqaüd ödənişi sisteminə münasibətin dəyişdirilməsini təklif edib. Yəni, qəbul imtahanlarında yüksək keçid balı toplamış gələcək tələbə ödənişsiz təhsil alır, lakin onun dövlətdən təqaüd alması ali məktəbdəki təhsilindən asılı olacaq. Beləliklə, yeni sistem tələbələr arasında akademik davamiyyət rəqabətinin artmasına gətirib çıxaracaq.

M.Cabbarov deyib ki, bundan başqa, cari tədris ilindən etibarən bəzi ixtisaslar üzrə ali məktəblərə qəbul zamanı gələcək tələbələrin bu ixtisaslar üzrə təhsilini davam etdirməsini təmin etmək üçün yeni minimum hədd tətbiq ediləcək.

Görüşdə bu mövzuda biznes-forum iştirakçılarının təklifləri, habelə "Caspian European Club" şirkətini maraqlandıran məsələlər müzakirə olunub.

Biznes-forumda çıxış edən "Caspian European Club" şirkətinin baş icraçı direktoru Telman Əliyev "Caspian Energy Forum" barədə məlumat verib. O, daim dəstək göstərdiyinə və "Caspian European Club"un üzvü olan şirkətlərlə fəal dialoq apardığına görə Təhsil Nazirliyinə minnətdarlığını bildirib. T.Əliyev konstruktiv dialoq üçün, habelə tədbir zamanı "Caspian European Club" üzvlərinin təklif və xahişlərinə diqqətlə yanaşdığı üçün Mikayıl Cabbarova təşəkkür edib.

Onun sözlərinə görə, biznes-forum çərçivəsində şirkətlər onları maraqlandıran suallara cavab alıb, nazirliklə əməkdaşlıq yollarını müzakirə ediblər.

O qeyd edib ki, "Caspian European Club" 2002-ci ilin iyununda "Caspian Energy International Media Group" şirkətlər qrupunun fəal iştirakı və Xəzər-Qara dəniz regionunda işləyən böyük neft-qaz şirkətlərinin dəstəyi ilə yaradılıb. "Caspian European Club" şirkətinin sədri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevdir. T.Əliyevin sözlərinə görə, "Caspian European Club" yarandığı vaxtdan neft sahəsindən gələn gəlirlərin qeyri-neft sektorunun inkişafına cəlb olunmasına kömək edir. Öz sıralarında 5000-dən çox şirkət və təşkilatı birləşdirən "Caspian European Club" dünyanın 50 ölkəsində işləyir, dövlət qurumları ilə özəl sektor arasında dialoqa dəstək istiqamətində fəal iş aparır.

Nazir M.Cabbarova "Caspian European Club" şirkətinin fəxri üzvü sertifikatı təqdim olunub. "Caspian European Club"un yeni şirkətlərinə də sertifikatlar təqdim edilib. "Caspian European Club" şirkətinin biznes-forumunda Azərbaycanda akkreditə olunmuş bir sıra diplomatik idarələrin nümayəndələri və şirkətlərin rəhbərləri iştirak ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti