...

Ekspert: “Avropa Birliyi Qafqazda təhlükəsizlik məsələlərinə daha diqqətlə yanaşmalıdır”

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 May 2015 12:09 (UTC +04:00)
Cənub Qaz Dəhlizinin reallaşması yalnız Şah Dəniz -2 layihəsi üzrə Avropaya ildə 10 milyard kub metr qazın nəqli baxımından əhəmiyyətli deyil.
Ekspert: “Avropa Birliyi  Qafqazda təhlükəsizlik məsələlərinə daha diqqətlə yanaşmalıdır”

Azərbaycan, Bakı, 9 may /Trend/

"Cənub Qaz Dəhlizinin reallaşması yalnız Şah Dəniz -2 layihəsi üzrə Avropaya ildə 10 milyard kub metr qazın nəqli baxımından əhəmiyyətli deyil. Bu tranzit infrastrukturunun reallaşmasını gələcəkdə digər həcmlərin də Avropaya nəqli baxımından dəyərləndirmək lazımdır. Məhz bu səbəbdən, Cənub Qaz Dəhlizi sadəcə Azərbaycanın enerji ehtiyatlarının Avropaya çatdırılması üçün vacib layihə deyil, həm də Avropanın enerji təminatının daha geniş diversifikasiyasına xidmət edəcək və Avropaya yeni mənbələrdən yeni həcmlərin nəqlini mümkün edə biləcək strateji layihə kimi qiymətləndirilməlidir."

Trend-in məlumatına görə, bunu bu gün Berlində keçirilən Konrad Adenauer Fondunun təşkil etdiyi "Avropanın enerji siyasətinin perspektivləri" mövzusunda keçirilənbeynəlxalq konfransda çıxışı zamanı Bakı Dövlət Universitetinin müəllimi, enerji və təhlükəsizlik məsələləri üzrə ekspert Bəxtiyar Aslanbəyli deyib.

Ekspert həmçinin Avropa ölkələrinin enerji təminatı ilə bağlı yeni layihələrin istehsalçı və tranzit ölkələrin təhlükəsizllik durumuna təsiri imkanları barədə danışdı. Cənubi Qafqazda mövcud təhlükəsizlik durumunu şərh edərək mümkün təhdidləri bir daha xatırlatdı. Bölgədə dondurulmuş münaqişələrin mövcudluğuna diqqət çəkərək bu münaqişələrin hər hansı birinin aktivləşməsinin Cənub Qaz Dəhlizinin reallaşmasına ciddi əngəl olacağını vurğuladı.

B. Aslanbəyli mümkün risk faktorlarının və layihənin reallaşdırılması mərhələsində Azərbaycanın və Gürcüstanın üzləşə biləcəyi potensial təhlükəsizlik təhdidlərinin AB tərəfindən də lazımınca dəyərləndirilməsinin və mümkün təhlükəsizlik risklərin əvvəlcədən qiymətləndirilməsinin vacibliyini vurğuladı.

Qeyd edək ki, konfransda Avropa Komissiyasının, Avropa Parlamentiinn, ABŞ Konqresinin Enerji Komitəsinin, Alman Bundestaqının rəsmiləri ilə yanaşı Türkiyə, Rusiya, Norveç, Niderland, Tunis, Yunanıstan və Azərbaycandan gəlmiş ekspertlər iştirak ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti