...

Yunanıstandakı böhran azərbaycanlı turistlərə də təsir etdi (ƏLAVƏ OLUNUB-2)

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 İyul 2015 17:25 (UTC +04:00)
Digər səbəb isə bu istiqamət üzrə tələbatın aşağı olmasıdır.
Yunanıstandakı böhran azərbaycanlı turistlərə də təsir etdi (ƏLAVƏ OLUNUB-2)

Təfərrüatlar əlavə olunub (ilk xəbər saat 15:21-də yayılıb)

Azərbaycan, Bakı, 1 iyul /Trend, müxbir Azad Həsənli/

Bakı-Rodos-Bakı aviareysi həyata keçirilməyəcək. Bu barədə Trend-ə Azərbaycanın turizm şirkətlərindən məlumat verilib.

Yunanıstanın Rodos adasına reysin ləğv edilməsi barədə qərar yerli aviaşirkət tərəfindən verilib.

Şirkətlərdən verilən məlumata görə, çarter reysinin ləğv edilməsinə əsas səbəblər Yunanıstana vizanın əldə edilməsi ilə bağlı yeni qaydalar, bu ölkənin bank sistemindəki böhranlı vəziyyət olub. Digər səbəb isə bu istiqamət üzrə tələbatın aşağı olmasıdır.

Başqa turizm şirkətindən isə bildiriblər ki, adətən, yerli turistlər martdan etibarən yay istirahəti üçün istiqamətləri seçməyə başlayırlar: "Yunanıstan adasına birbaşa reysin açılması barədə qərar isə iyunun ortasında qəbul edilmişdi ki, bu da olduqca gecdir. Buna görə də bu reysə tələbat çox aşağı oldu".

Bununla belə, şirkətdən əlavə ediblər ki, bu reysə bilet alanlar pullarını geri ala və ya tranzit marşrutunu seçə bilərlər.

X X X

İyunun 23-dən "Şərq tərəfdaşlığı" ölkələrinə, o cümlədən Azərbaycana Şengen vizalarının əldə edilməsi üzrə yeni qaydalar qüvvəyə minib. Yenilik Avropa İttifaqının (Aİ) Şengen zonasına daxil olan bütün ölkələrin konsulluqlarında vahid viza informasiya sisteminin (VIS) tətbiqindən ibarətdir. İndi viza almaq üçün sənədlər təqdim edərkən biometrik məlumatlar - barmaq izi və rəqəmal fotoşəkil - tələb olunur. Aİ-nin məlumatında qeyd edilir ki, yeni qaydalar viza sahibinin eyniləşdirilməsini asanlaşdırnaq və fırıldaqçılıq məqsədilə insanın şəxsi informasıyasının oğurlanmasından ("şəxsiyyətin oğurlanması") qaçmaq məqsədilə tətbiq edilir.

Yunanıstanın Azərbaycandakı diplomatik missiyasından Trend-ə bildiriblər ki, "İyunun 23-dən Yunanıstanın Azərbaycandakı səfirliyində də ölkə vətəndaşlarına viza informasiya sisteminin yeni qaydalarına uyğun şəkildə şengen vizalarının verilməsinə başlanılıb. Vizanın verilməsi tam formada həyata keçirilir. Azərbaycan vətəndaşları heç bir problem olmadan viza alırlar. Yeni qaydalar Yunanıstana viza almaq üçün müraciət edən Azərbaycan vətəndaşlarına xüsusi problemlər yaratmayıb".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti