...

GUAM ölkələri sərhəddən mal keçirməyi sadələşdirir

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 İyul 2015 16:07 (UTC +04:00)
GUAM-a üzv ölkələrin gömrük təşkilatları dövlət sərhədlərindən keçirilən mallar və nəqliyyat vasitələri haqqında ilkin məlumat mübadiləsinin təşkili haqqında protokol imzalayıblar.
GUAM ölkələri sərhəddən mal keçirməyi sadələşdirir

Azərbaycan, Bakı, 8 iyul /Trend, müxbir Ənvər Məmmədov/

GUAM-a üzv ölkələrin gömrük təşkilatları dövlət sərhədlərindən keçirilən mallar və nəqliyyat vasitələri haqqında ilkin məlumat mübadiləsinin təşkili haqqında protokol imzalayıblar.

Trend-in məlumatına görə, protokolun imzalanması Bakıda keçirilən GUAM-ın "Ticarət və nəqletməyə yardım layihəsi"nin həyata keçirilməsi üzrə rəhbər komitənin 22-ci iclası çərçivəsində baş tutub.

Protokolu Azərbaycandan Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev, Gürcüstandan Maliyyə Nazirliyi yanında Gəlirlər Xidmətinin Gömrük departamentinin rəhbəri Vladimir Xundadze, Moldovadan Maliyyə Nazirliyi yanında Gömrük Xidmətinin baş direktorunun müavini Korneliy Trofile və Ukraynadan Dövlət Fiskal Xidmətinin Beynəlxalq əlaqələr departamentinin Gömrük əməkdaşlığı idarəsinin rəisi Oleq Semenenko imzalayıblar.

Protokola əsasən, əgər təyinat nöqtəsi digər tərəfin ərazisindədirsə, tərəflər bir tərəfin dövlət ərazisindən gətirilən mallar və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi zamanı əldə edilmiş informasiya mübadiləsini onların sərhədi keçməsinədək mallar və nəqliyyat vasitələri barədə elektron məlumatlar formasında mütəmadi əsasda təşkil edəcək və həyata keçirəcəklər.

Bu məlumat təhlükəsizliyin artırılması və ticarətin sadələşdirilməsi məqsədilə istifadə ediləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti