...

Fazil Məmmədov vergi orqanları ilə bağlı tapşırıqlar verdi

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 İyul 2015 23:04 (UTC +04:00)
Vergilər Nazirliyində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-cü ilin birinci yarımilliyinin yekunları və qarşıda duran vəzifələrlə bağlı 13 iyul tarixli iclasına həsr olunmuş kollegiya iclası keçirilmişdir.
Fazil Məmmədov vergi orqanları ilə bağlı tapşırıqlar verdi

Azərbaycan, Bakı, 27 iyul /Trend/

Vergilər Nazirliyində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-cü ilin birinci yarımilliyinin yekunları və qarşıda duran vəzifələrlə bağlı 13 iyul tarixli iclasına həsr olunmuş kollegiya iclası keçirilmişdir.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilın məlumata görə, kollegiya iclasında çıxış edən Vergilər naziri, 1-ci dərəcəli dövlət vergi xidməti müşaviri Fazil Məmmədov Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə ictimai-siyasi sabitliyin möhkəmləndiyini, bütün sahələrdə olduğu kimi, iqtisadiyyatda aparılan islahatlar nəticəsində ciddi uğurlar əldə edildiyini, qanunun aliliyinin bərqərar olduğunu vurğulamışdır.

Vergi orqanlarında həyata keçirilən islahatlardan bəhs edən nazir vergi qanunvericiliyi və inzibatçılığının təkmilləşdirilməsi, müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqi ilə elektron xidmətlərin sayının və əhatə dairəsinin genişləndirilməsi, cəmiyyətdə vergi mədəniyyətinin formalaşdırılması istiqamətində atılan addımların nəticəsi olaraq vergi daxilolmalarının ilbəil artdığını, strukturunda müsbət dəyişikliklər baş verdiyini, büdcə daxilolmaları üzrə proqnozların uğurla yerinə yetirildiyini diqqətə çatdırmışdır.

Fazil Məmmədov Nazirlər Kabinetinin 13 iyul tarixli iclasında Prezident İlham Əliyevin ayrı-ayrı vergi orqanlarının ünvanına səsləndirdiyi iradların qısa müddətdə aradan qaldırılması istiqamətində artıq ciddi addımlar atıldığını bildirmiş, neqativ hallara yol verilməməsi üçün zəruri tədbirlərin görülməsi ilə bağlı tapşırıqlar vermişdir.

Sahibkarların fəaliyyətinə süni maneələrin və qanunsuz müdaxilələrin yolverilməzliyini vurğulayan vergilər naziri vətəndaşlardan daxil olan ərizə və şikayətlərin daha diqqətlə araşdırılması, fəaliyyətində nöqsanlara yol vermiş vergi xidməti orqanı əməkdaşları barədə ciddi tədbirlər görülməsinin vacibliyini diqqətə çatdırmışdır.

Qeyd olunmuşdur ki, cəmiyyətdə vergi mədəniyyətinin formalaşdırlması istiqamətində səylər artırılmalı, vergi ödəyicilərinə xidmətlərin spektri və informasiya texnologiyalarının tətbiqi imkanları genişləndirilməli, vergi orqanlarının fəaliyyətində şəffaflıq artırılmalı, bu sahələrdə qabaqcıl beynəlxalq təcrübədən geniş istifadə edilməlidir. F.Məmmədov bildirmişdir ki, vergi xidməti orqanı əməkdaşları öhdəsinə düşən vəzifələrin icrası zamanı daha məsuliyyətli olmalı, dövlətimizin vergi siyasətini uğurla həyata keçirməlidirlər.

Yekunda Prezident İlham Əliyevin Nazirlər Kabinetinin 13 iyul tarixli iclasındakı çıxışı zamanı vergi orqanlarına verilmiş tapşırıqlar 2015-ci ilin ikinci yarımilliyi və qarşıda duran dövrlər üçün Fəaliyyət Planı kimi qəbul olunmuş, eləcə də vergi inzibatçılığının optimallaşdırılması məqsədilə işçi qrupunun yaradılması barədə qərar verilmişdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti