...

Aran regionunu əhatə edən “Aran” RETSİ-də əsaslı təmir işləri aparılıb (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 İyul 2015 12:41 (UTC +04:00)
Aran regionunu əhatə edən “Aran” RETSİ-də “Azərişıq” ASC tərəfindən əsaslı təmir işləri aparılıb.
Aran regionunu əhatə edən “Aran” RETSİ-də əsaslı təmir işləri aparılıb (FOTO)

Azərbaycan, Bakı, 30 iyul /Trend/

Aran regionunu əhatə edən "Aran" RETSİ-də "Azərişıq" ASC tərəfindən əsaslı təmir işləri aparılıb. Bu barədə "Azərişıq" ASC-dən Trend-ə verilən məlumatda bildirilir.

Məlumatda bildirilir ki, "Azərişıq" ASC yaradıldıqdan sonra bütün ölkə ərazisində elektrik enerjisinin təchizatı istiqamətində aparılan sürətli yenidənqurma işləri respublukanın Aran bölgəsində də köklü dəyişikliklər etməyə əsas verib. Yeddi regional idarə sırasında yaradılmış "Aran" RETSİ üzrə vacib məsələlər nəzərdən keçirilərək təxirəsalınmaz tədbirlər planı hazırlanıb.

Qeyd olunur ki, yerli iqlim şəraiti nəzərə alınaraq istehlakçıların dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təchizat olunması məqsədilə əsaslı və cari təmir işlərinin planları tərtib olunub. "Aran" RETSİ-nin struktur tərkibinə daxil olan İmişli, Saatlı, Sabirabad, Beyləqan, Ağcabədi, Füzuli, Ağdam, Kürdəmir, Zərdab elektrik şəbəkələrinin hər birinin qısa müddətdə ən keyfiyyətli və müasir vəziyyətə gətirilməsi qarşıya məqsəd kimi qoyulub.

"Aran" RETSİ-nin balansında olan elektrik şəbəkələrində son 5 ay ərzində xeyli miqdarda işlər görülüb. Bu müddət ərzində Ağdam rayonunda 7, Füzuli rayonunda isə 5 ədəd komplekt transformator məntəqəsi (KTM) quraşdırılaraq istifadəyə verilib. Ağdam rayonu Quzanlı qəsəbəsində 609-0011 saylı, Füzuli rayonu Bəhmənli kəndindəki 606-0110 saylı KTM-lər quraşdırılıb. Hər iki rayonun köhnəlmiş xeyli məsafədə elektrik verilişi xətləri dəyişdirilib və dəmirbeton dayaqlar basdırılaraq elektirik enerjisinin ötürülməsində dayaqnıqlıq və etibarlılıq artırılıb. Bir çox ərazilərdə isə kabelləşmə işləri aparılaraq sona çatdırılıb. Sabirabad rayonu ərazisində ofis binasının tikintisi də başlanılıb və əsaslı işlər başa çatdırılıb. 35kV-luq Zərdab-Əlvənd hava xəttindən budaqlanma yolu ilə çəkilmiş 35kV-luq bir dövrəli Nəzərallı elektrik veriliş hava xəttinin yenidən qurulması işləri də uğurla həyata keçirilib.

Ümumilikdə "Aran" RETSİ üzrə 92 ədəd KTM quraşdırılıb, onlardan 60-dan artığı elektrik şəbəkələrinə qoşulub. Rütubətin və yağışların daha çox olduğu cənub ərazilərdə bəzi KTM-lər tez çürüyən materiallarla deyil, daşdan tikilmiş mühafizə zolağı ilə əhatələnib və ətrafı abadlaşdırılıb. Əksər yerlərdə istismar müddətini bitirmiş və təhlükəli xarakter almış ağac və sınıq-salxaq beton dayaqlar yeni dayaqlarla əvəz edilib.

Saatlı rayonu Axundov küçəsi, H.Əliyev prospekti (şəhər mərkəzi), Potubəyli və Əlisoltanlı kəndləri ərazisində KTM-lərin quraşdırılması ilə yanaşı kabelləşmə işləri də sona çatdırılıb. "Aran" RETSİ üzrə yeni və eləcə də dəyişiklik zərurəti olan abonentlər üçün sayğaclar quraşdırılaraq təhvil-təslim işləri aparılıb.

Hazırda regionun hər bir şəhəri, qəsəbəsi və kəndinin dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təchiz olunması və sərf olunmuş enerjinin dəyərinin ödənilməsi ilə əlaqədar işlər davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti