...

"BP Azərbaycanda vergi öhdəliklərinin yerinə yetirilməsinə daim diqqətlə yanaşır"

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 Noyabr 2015 20:38 (UTC +04:00)
BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qordon Birrellə Vergilər Nazirliyinin rəhbərliyinin görüşü keçirilib.
"BP Azərbaycanda vergi öhdəliklərinin yerinə yetirilməsinə daim diqqətlə yanaşır"

Bakı. Trend:

BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qordon Birrellə Vergilər Nazirliyinin rəhbərliyinin görüşü keçirilib.

Nazirliyin Analitik-informasiya şöbəsindən Trend-ə verilən məlumata görə, vergilər naziri Fazil Məmmədov qonağı səmimi salamlayıb, onu ölkəmizdə görməkdən məmnunluğunu ifadə edib. Sonra vergilər nazirinin 1-ci müavini Natiq Əmirov ölkəmizin vergi sistemində aparılan islahatlar və bu sahədə əldə olunan uğurlar haqqında qonağa məlumat verib.

Qeyd olunub ki, Azərbaycanın mövcud iqtisadi durumunda vergi orqanlarının üzərinə kifayət qədər çətin və mürəkkəb vəzifələr düşür. Vergilər Nazirliyi vergi qanunvericiliyinin və inzibatçılığının təkmilləşdirilməsi, vergiödəyicilərə xidmətlərin genişləndirilməsi yolu ilə qlobal iqtisadiyyatda baş verən mənfi proseslərin Azərbaycan iqtisadiyyatına təsirini minimallaşdırmaq üçün onun fəaliyyət sahəsinə aid olan tədbirləri həyata keçirir, Azərbaycana investisiya qoyulmasında birinci olan BP şirkəti ilə əməkdaşlığa xüsusi önəm verir.

Q.Birrel səmimi qəbula görə təşəkkürünü bildirmiş, Azərbaycan iqtisadiyyatın sürətlə inkişaf etməsindən, ölkəmizdə ən böyük xarici sərmayəçilərdən biri olan BP şirkətinin bu inkişafa öz töhfəsini verməsindən məmnunluğunu ifadə edib. O, BP şirkətinin vergi öhdəliklərinin yerinə yetirilməsinə daim diqqətlə yanaşdığını, hasilatın pay bölgüsü sazişləri çərçivəsində fəaliyyət göstərən tərəfdaşlarla birgə Vergilər Nazirliyi ilə yaxşı əməkdaşlığın qurulduğunu qeyd edib.

Görüşdə Azərbaycan və BP arasında əməkdaşlığın hazırkı səviyyəsi, həyata keçirilən enerji layihələri və perspektivləri, dünyanın enerji bazarındakı vəziyyət barədə fikir mübadiləsi aparılıb, qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti