...

"PAŞA Bank" qeyri-neft sektorunda fəaliyyət göstərən ixracatçıları dəstəkləyir

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 Dekabr 2015 15:28 (UTC +04:00)
Bakıda “Azərbaycanın qeyri-neft sektorunda ixracat imkanlarının stimullaşdırılması” mövzusunda beynəlxalq konfrans təşkil edilib.
"PAŞA Bank" qeyri-neft sektorunda fəaliyyət göstərən ixracatçıları dəstəkləyir

Bakı. Trend:

15 dekabr tarixində Bakıda "Azərbaycanın qeyri-neft sektorunda ixracat imkanlarının stimullaşdırılması" mövzusunda beynəlxalq konfrans təşkil edilib. Azərbaycandakı Amerika Ticarət Palatası tərəfindən təşkil edilən tədbirin baş sponsoru ölkənin aparıcı banklarından biri "PAŞA Bank" olub.

Bankdan Trend-ə verilən məlumata görə, konfransda iştirak etmək üçün iqtisadiyyat, kənd təsərrüfatı, inşaat, sənaye kimi sahələrdə fəaliyyət göstərən 30 aparıcı ixracatçı şirkət, həmçinin Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, "PAŞA Bank", "PAŞA Holdinq", "Türk Eximbank" və digər təşkilatların mütəxəssisləri dəvət edilib.

Mütəxəssislər yerli biznesmenlərlə ölkədə və regionda cari makroiqtisadi iqlimi, ixracatın dəstəklənməsinə yönəldilmiş maliyyə dəstəyi potensialı, xarici iqtisadiyyatın vergi tənzimlənməsi kimi məsələləri və başqa mövzuları müzakirə ediblər.

Konfrans çərçivəsində, həmçinin praktiki seminar keçirilmiş və orada beynəlxalq bazara çıxış strategiyasının qurulması prinsipləri, ixrac əməliyyatlarının həyata keçirilməsi, xarici iqtisadi fəaliyyətin aparılması üçün lazımi normativ sənədlər, ixrac əməliyyatlarının qısa və orta müddətli perspektivlərdə inkişaf perspektivi müzakirə edilib. Konfransın nəticəsi olaraq, Azərbaycandakı Amerika Ticarət Palatası ölkədə ixrac yönümlü fəaliyyəti stimullaşdıran məsləhətlər paketinin hazırlanmasını və dövlət orqanlarına təqdim edilməsini planlaşdırır.

"PAŞA Bank"ın İdarə Heyətinin üzvü, baş strategiya inzibatçısı Aydın Atakişiyevin qeyd etdiyi kimi, regionda müşahidə olunan tendensiyalar xarici iqtisadi fəaliyyətin inkişafı və ölkələr-arası investisiyalar üçün daha böyük imkanlar yaradır: "Bu tədbir ixrac əməliyyatlarının inkişafının stimullaşdırılmasının müzakirə edilməsi üçün yaxşı imkan və mövcud şəraitdə bank sektoru tərəfindən dəstəklənən Azərbaycan biznesinin real tələblərini qiymətləndirmək üçün əla fürsət idi. Öz növbəsində, "PAŞA Bank" real iqtisadi sektoru fəal şəkildə dəstəkləyərək, müştərilərilərinin hər birinə fərdi yanaşma nümayiş etdirir. Özümüzü maliyyə tərəfdaşı kimi təqdim edərək, bundan sonra da ixrac yönümlü biznesi dəstəkləməyə və bununla da Azərbaycan iqtisadiyyatının diversifikasiyasına və qeyri-neft sektorunun inkişafına öz töhfəmizi verməyə hazırıq".

Qeyd edək ki, "PAŞA Bank" dünyanın 270 şirkətini birləşdirən, ən böyük beynəlxalq faktorinq assosiasiyalarından biri olan Beynəlxalq Faktorinq Assosiasiyasının (Factors Chain International) Azərbaycandan olan ilk üzvüdür. Assosiasiyaya üzvlük "PAŞA Bank"a faktorinqin ixrac və idxal növlərini həyata keçirmək və xarici iqtisadi fəaliyyətlə məşğul olan Azərbaycan sahibkarlarını bütünlükdə dəstəkləmək və müştərilərinə dünya arenasında öz biznesləri üçün rəqabətədavamlı üstünlüklər əldə etmələrinə kömək etmək imkanı verib.

"PAŞA Bank" Azərbaycanın aparıcı korporativ bankıdır. 2007-ci ildə təsis olunmuş bank geniş spektrli korporativ bank xidmətləri, eləcə də kreditlərin verilməsi, qiymətli kağızlar bazarında əməliyyatlar, aktivlərin idarə olunması və xəzinədarlıq xidmətləri göstərir. Baş ofis və 9 Biznes-mərkəzi ilə təmsil olunan "PAŞA Bank"da 400-dən çox əməkdaş çalışır. "Europe Banking Awards" 2011, 2012, 2013 çərçivəsində bank "Azərbaycanın ən yaxşı İnvestisiya Bankı" elan olunub, 2013-2014-cü illərdə isə "World Finance" tərəfindən "Best Private Bank in Azerbaijan" adına layiq görülüb.

"PAŞA Bank" Azərbaycanın iri investisiya holdinqi olan və sığorta, inşaat, inşaat materiallarının istehsalı, turizm və eləcə də biznesin digər sahələrində geniş təmsil olunan PAŞA Şirkətlər Qrupunun bir hissəsidir. Azərbaycanın pərakəndə bankçılıq bazarının iri banklarından biri olan "Kapital Bank" da PAŞA Şirkətlər Qrupuna aiddir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti