...

Dəniz üzgüçülüyünün təhlükəsizliyi və dənizin çirklənməsinin qarşısının alınması ilə bağlı layihənin açılışı keçirilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 Yanvar 2016 12:23 (UTC +04:00)
“Azərbaycan Respublikasında dəniz nəqliyyatı sahəsində məsuliyyətin artırılmasında Dövlət Dəniz Administrasiyasına dəstək” adlı tvinninq layihəsinin həyata keçirilməsinə 2015-ci il 16 noyabr tarixindən başlanılıb.
Dəniz üzgüçülüyünün təhlükəsizliyi və dənizin çirklənməsinin qarşısının alınması ilə bağlı layihənin açılışı keçirilib

Bakı. Trend:

"Azərbaycan Respublikasında dəniz nəqliyyatı sahəsində məsuliyyətin artırılmasında Dövlət Dəniz Administrasiyasına dəstək" adlı tvinninq layihəsinin həyata keçirilməsinə 2015-ci il 16 noyabr tarixindən başlanılıb.

Administrasiyadan Trend-ə verilən məlumata görə, bu gün açılışı baş tutan bu layihədə əsas məqsəd Azərbaycanda dəniz üzgüçülüyünün təhlükəsizliyi və dənizin çirkləndirilməsinin qarşısının alınması ilə əlaqədar Beynəlxalq Konvensiyalarda nəzərdə tutulmuş məsuliyyət prosedurlarının Avropa İttifaqı qanunvericiliyi ilə əlaqəli şəkildə həyata keçirilməsində və tətbiqi məsələlərində Dövlət Dəniz Administrasiyasının potensialının gücləndirməkdən ibarətdir.

Bundan başqa, dəniz nəqliyyatı sahəsi üzrə inzibati məsuliyyəti müəyyən edən normativ hüquqi aktlar, İnzibati Xətalar, Cinayət və Ticarət Gəmiçiliyi Məcəllələrinin müvafiq hissələrinin bir daha nəzərdən keçirilməsi, dəyişikliklərin edilməsi, inzibati prosedurların yenidən işlənib hazırlanması nəzərdə tutulur.

Açılış mərasimində Dövlət Dəniz Administrasiyasının rəis müavini Şahlar Məmmədov, Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin əməliyyatlar bölməsinin rəhbəri Yerun Villems, üzv dövlətin Layihə rəhbəri Benito Nunez Quintanilla, Rezident tvinninq müşaviri Fernando Juan Collado Simon, eləcə də Nazirlər Kabineti, İqtisadiyyat və Sənaye, Ədliyyə, Ekologiya və Təbii Sərvətlər nazirlikləri və "Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin nümayəndələri iştirak ediblər.

Çıxışı zamanı Ş.Məmmədov Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında son dövrlərdə ölkədə dəniz nəqliyyatının inkişaf etdirilməsi istiqamətində bir sıra mühüm işlər görüldüyünü vurğulayıb: "Yeni Gəmiqayırma Zavodunun, Bakı Beynəlxalq Dəniz Ticarət Limanın tikintisi, eləcə də Xəzər Dəniz Gəmiçiliyi ilə SOCAR-ın tərkibində olan Xəzər Dəniz Neft Donanmasının birləşdirilərək "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyətinin yaradılması da mühüm addımlardandır. Ən əsası da dəniz nəqliyyatı sahəsi üzrə milli qanunvericliyin beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində kifayyət qədər iş görülüb".

Y.Villems isə çıxışı zamanı təmsil etdiyi qurumla ölkəmiz arasındakı əlaqələrə toxunaraq dəniz üzgüçülüyünün təhlükəsizliyi və dəniz mühitinin mühafizəsinə böyük önəm verdiklərini vurğulayıb. O, həmçinin Avropa İttifaqının maliyyələşdirdiyi TRASEKA-nın SASEPOL və Avropa Dəniz Təhlükəsizliyi Agentliyinin (EMSA) "TRASEKA: dənizin mühafizəsi və təhlükəsizliyi II" layihələri barədə danışıb.

Y.Villems 2014-cü ildə uğurla yekunlaşan Dövlət Dəniz Administrasiyasının benefisiarı olduğu "Azərbaycan Respublikasında dəniz üzgüçülüyünün təhlükəsizliyinin və dəniz mühitinin mühafizəsinin təkmilləşdirilməsi haqqında tvinninq layihəsi" barədə də ümumi məlumat verib.

1995-ci ilin may ayından Birləşmiş Millətlər Təşkilatının ixtisaslaşmış orqanı olan Beynəlxalq Dəniz Təşkilatının (BDT) tam hüquqlu üzvlüyünə qəbul olunandan sonra Azərbaycan 18 konvensiya və 8 protokolu ratifikasiya edib. Bu konvensiyaların milli qanunvericiliklə uzlaşdırılması üçün 10 oktyabr 2012-ci ildə "Azərbaycan Respublikasında dəniz üzgüçülüyünün təhlükəsizliyinin və dəniz mühitinin mühafizəsinin təkmilləşdirilməsi haqqında tvinninq layihəsi"nə başlanılıb və 07 oktyabr 2014-cü ildə layihə müvəffəqiyyətlə başa çatdırılıb.

Bu ilk tvinninq layihəsi uğurla icra edilib və Avropa İttifaqının üzv dövlətlərindən biri olan İspaniyanın dəniz nəqliyyatı sahəsi üzrə mütəxəssisləri ilə birgə "Dəniz Limanları haqqında" Qanun layihəsi hazırlanıb və 2014-cü ilin 18 aprel tarixində Milli Məclisdə qəbul olunub. Bu qanundan da irəli gələrək Azərbaycan Prezidentinin 2006-cı il 20 aprel tarixli, 395 nömrəli Fərmanı ilə "Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyası haqqında Əsasnamə"də dəyişikliklər edilib.

Tvinning layihəsi çərçivəsində "Azərbaycannın Ticarət Gəmiçiliyi" və İnzibati Xətalar Məcəllələrinə dəyişikliklər edilməsi haqqında qanun layihəsi, eləcə də ətraf mühitin mühafizəsi ilə əlaqədar qaydaların layihələri hazırlanıb.

Qabaqcıl ölkələrin dəniz nəqliyyatı sahəsində təcrübəsinin öyrənilməsinə daim üstünlük verən Dövlət Dəniz Administrasiyasının Avropa Qonşuluq və Tərəfdaşlıq Proqramları çərçivəsində reallaşdırılan Tvinninq layihələrindən də gözləntiləri böyükdür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti