...

“Microsoft” Azərbaycandakı tərəfdaşlarına yeni cihazlarını təqdim edib (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 Yanvar 2016 11:08 (UTC +04:00)
“Microsoft Azerbaijan”ın 50-yə yaxın tərəfdaş şirkəti “Device Day” (“Cihaz Günü”) tədbirinin iştirakçısı olub.
“Microsoft” Azərbaycandakı tərəfdaşlarına yeni cihazlarını təqdim edib (FOTO)

Bakı. Trend:

"Microsoft Azerbaijan"ın 50-yə yaxın tərəfdaş şirkəti "Device Day" ("Cihaz Günü") tədbirinin iştirakçısı olub. İştirakçılara biznes mühitində yüksək tələbata malik olan və "Windows 10" əməliyyat sistemi üzərində işləyən 20-yə yaxın yeni cihaz təqdim olunub.

"Microsoft Azerbaijan" Korporasiyası Bakıda təşkil etdiyi "Device Day" tədbiri çərçivəsində "Windows 10" əməliyyat sistemi üzərində işləyən yeni cihazların təqdimatını keçirib.

"Microsoft Azerbaijan"ın tərəfdaş şirkətləri biznes mühitində yüksək tələbat qazanacaq planşet, noutbuk və "ikisi birində" olan cihazları nümayiş etdiriblər. Bundan başqa, tədbir iştirakçılarına "Windows 10" əməliyyat sistemi üzərində işləyən müxtəlif cihazlar haqda məlumat əldə etmək, sərgini ziyarət edib "Windows 10" ilə işləyən yeni model cihazları şəxsən sınamaq imkanı yaradılıb.

""Microsoft"un Azərbaycanda tərəfdaş şəbəkəsi pozitiv şəkildə inkişaf edir və tərəfdaşların fəallıq səviyyəsi baxımından yüksək potensial mövcuddur. Bu gün bizim tərəfdaşlıq şəbəkəmiz 100-dən çox şirkəti əhatə edir. Ümid edirəm ki, 2016-cı ildə tərəfdaşlarımızın sayı artmaqda davam edəcək. Tərəfdaşlıq ölkəmizdə kiçik və orta biznesin inkişafı üçün əlverişli imkanlar yaradır və məhz bu, cari ildə "Microsoft" Korporasiyasının Azərbaycan bazarında prioritet istiqamətlərindən biri olacaq. Bunula yanaşı, biz dövlət və kommersiya təşkilatları ilə əməkdaşlığımızı gücləndirəcəyik və ölkədə innovativ iqtisadiyyatın inkişafına öz töhfəmizi verməkdə davam edəcəyik", - deyə "Microsoft Azerbaijan" şirkətinin baş meneceri Rüfət Hacıəlibəyov bildirib.

"Bu gün HP şirkəti "Microsoft" Korporasiyasının ən iri tərəfdaşlarından biridir. Uzunmüddətli müvəffəqiyyətli tərəfdaşlıq bizə biznesin inkişafı üzrə fəal mövqenin hazırlanmasına, həmçinin vətəndaş, dövlət və özəl təşkilatlar üçün zəruri məhsul və xidmətləri daha effektiv şəkildə təqdim etmək imkanını yaradıb", - deyə HP şirkətinin fərdi sistemlərin distribusiyası üzrə meneceri Aleksandr Heybətov qeyd edib.

Tədbirin tərəfdaşları qapalı sessiyanı ziyarət edə bilib ki, sözügedən sessiyada "Microsoft" və "Hewlett-Packard" şirkətlərinin spikerləri beynəlxalq araşdırma, satışın əsas aspektləri haqda məlumatlar paylaşmaqla yanaşı, şirkət istifadəçiləri üçün cihazların məlum və yeni üstünlüklərini və İT mütəxəssislərinə yaratdığı yeni imkanlarını nümayiş etdiriblər. Eyni zamanda, tədbirdə saxta məhsullar ilə mübarizə, pirat ƏS istifadəsinin mümkün riskləri, bazarın imkanları, "Windows 10"un icmalı və bu ƏS ilə işləyən cihazların imkanları və satış ssenariləri müzakirə olunub.

""Bestcomp Group" şirkəti "Microsoft" Korporasiyasının Azərbaycanda əsas tərəfdaşlarından biridir. Biz "Microsoft"la həm lisenziyalı həllərin satışı, həm də İT xidmətlərin tam spektri - həllin seçimi üzrə tövsiyələrin verilməsi və pilot şəklində tətbiqindən sistemin istifadəyə verilməsi və texniki dəstəyin göstərilməsinədək əməkdaşlıq edirik. Bizim məqsədimiz "Microsoft" texnologiyalarından istifadə edərkən maksimal nəticə əldə etməkdir, ona görə də hər müştərinin məsələsini həll edərkən sənaye xüsusiyyətlərini, şirkətin miqyasını və biznesın özünəməxsus xüsusiyyətlərini nəzərə alaraq individual və qənaətbəxş həll tapırıq", - deyə "Bestcomp Group" şirkətinin "Microsoft" məhsulları üzrə meneceri Elçin Məmmədov bildirib.

Qeyd edək ki, "Device Day" çərçivəsində "Hewlett-Packard", "Intel", "Lenovo", "Asus", "Irbis", "Acer", "Prestigio" və bu kimi aparıcı kompüter texnikası istehsalçıları "Microsoft"un yeni əməliyyat sistemi - "Windows 10" ilə işləyən və Azərbaycan istifadəçilərinə artıq əlçatan olan yeni cihazları təqdim ediblər.

"Microsoft" haqqında:

1975-ci ildə təsis edilmiş Microsoft Korporasiyası insanların və bizneslərin tam potensialını həyata keçirməsində yardımçı olan proqram təminatı, xidmət və həllərdə dünya lideridir. Microsoft Korporasiyası fərd və bizneslər üçün geniş çeşidli mobil cihaz və bulud xidmətləri təqdim edir ki, bütün dünyada insanların evdə, işdə və yolda daha çox önəm verdikləri fəaliyyətləri həyata keçirməsinə imkanı olsun. Bunların arasında masaüstü və şəbəkə əməliyyat sistemləri, müştəri-server mühitləri üçün server tətbiqləri, istifadəçilər üçün masaüstü biznes və ofis tətbiqləri, interaktiv proqram və oyunlar, İnternet şəbəkəsində işləmək üçün vasitələr və yaradıcılıq alətləri. Əlavə olaraq, Microsoft onlayn xidmətlər təklif edir, kompüter mövzularında kitablar çap edir, kompüterlər üçün periferik cihazlar istehsal edir və yeni kompüter texnologiyalarının tədqiqatı və inkişafı ilə məşğul olur. Microsoft Korporasiyasının məhsulları 80-dən artıq ölkədə satılır, Azərbaycan dili daxil olmaqla, 45-dən çox dilə tərcümə edilib və fərdi kompüter platformalarının əksəriyyəti ilə uyğundur. 2005-ci ildən Azərbaycanda fəaliyyət göstərən Microsoft Azərbaycan şirkətinin başlıca vəzifəsi - elektron idarəetmə, biznes inzibatçılıq və təhsil sistemi üçün yeni texnoloji həlləri tətbiq etməklə Azərbaycanın inkişafına töhfə verməkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti