...

Dövlət Komitəsi: Azərbaycanda sahibkarlığın inkişafında yeni mərhələ başlayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 Fevral 2016 13:34 (UTC +04:00)
Fevralın 10-da Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində qeyri-neft sektorunun və sahibkarlığın inkişaf etdirilməsi üçün keyfiyyət infrastrukturu sahələrində aparılan islahatlara həsr olunmuş mətbuat konfransı keçirilib.
Dövlət Komitəsi: Azərbaycanda sahibkarlığın inkişafında yeni mərhələ başlayıb

Bakı. Trend:

Fevralın 10-da Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində qeyri-neft sektorunun və sahibkarlığın inkişaf etdirilməsi üçün keyfiyyət infrastrukturu sahələrində aparılan islahatlara həsr olunmuş mətbuat konfransı keçirilib.

Trend xəbər verir ki, konfransda çıxış edən Komitənin aparat rəhbəri Arif Əşrəfov bildirib ki, Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun dinamik inkişafının təmin edilməsi, rəqabətqabiliyyətliliyin artırılması və bu sahəyə investisiya qoyuluşunun sürətləndirilməsi Prezident İlham Əliyevin sosial-iqtisadi inkişaf siyasətinin prioritet istiqamətlərindəndir. Texniki tənzimləmə, standartlaşdırma, metrologiya, uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya fəaliyyətlərinin müasir dövrün çağırışları, qarşıya qoyulan tələblərin icrası və sahibkarlığın inkişafı üçün əsas alət rolunu oynadığını qeyd edən aparat rəhbəri hazırda keyfiyyət infrastrukturunun istehsalçıların, sahibkarlığın, ümumiyyətlə əhalinin ehtiyaclarının və tələblərinin təmin edilməsində həlledici faktora çevrildiyini qeyd edib.

A.Əşrəfov bildirib ki, son illərdə ölkəmizdə yaradılan müasir emal müəssisələrinin istehsal etdiyi ərzaq və qeyri-ərzaq məhsulları istehlakçılar tərəfindən rəğbətlə qarşılanır: "Təbii ki, bəzi məhsulların keyfiyyətinin hələ dünya standartlarına tam cavab verə bilməsi və dünyanı bürüyən iqtisadi böhranın respublikamızda həmin emal müəssisələrinə nə dərəcədə təsir edəcəyi də ciddi problem olaraq qalır. Bütün bunlara baxmayaraq, əminliklə deyə bilərik ki, bundan sonra da dövlət başçısının düzgün siyasi xətti əsasında problemlər uğurla həll ediləcəkdir".

Mətbuat konfransında bildirilib ki, qeyri-neft sektorunun inkişafını sahibkarlığa geniş imkanlar yaradılmasında görən dövlət başçısı özəl sektora xüsusi qayğı ilə yanaşır və bu istiqamətdə ardıcıl olaraq islahatlar aparır. Artıq ölkəmizdə sahibkarlığın inkişafında yeni mərhələ başlayıb, keyfiyyət infrastrukturunun inkişafını təmin edən qanunvericilik bazası təkmilləşdirilib, maddi-texniki baza - etalon və sınaq laboratoriyaları qurulub. Dövlətin dəstəyi ilə görülmüş bu işlər nəticəsində kiçik və orta sahibkarlıq fəaliyyəti daha da genişlənir, iş adamlarının sayı artır və dayanıqlı iqtisadi artım tempi qorunur.

Hazırda dünya bazarında neftın qiymətinin aşağı düşməsi fonunda Azərbaycanda neftdən asılılığın minimuma endirilməsi, qeyri-neft sektorunun sürətli inkişafı üçün keyfiyyət infrastrukturuna aid olan texniki tənzimləmə, standartlaşdırma, metrologiya, uyğunluğun qiymətləndirilməsi alətlərindən geniş istifadə olunması yeni perspektivlər vəd edir.

Komitə rəsmisinin sözlərinə görə, islahatlar nəticəsində uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya fəaliyyətinin inkişafı üzrə də bir sıra mühüm işlər görülmüşdür. "Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında" Qanun qəbul edilib, uyğunluğun qiymətləndirilməsi qurumlarının akkreditasiyası ilə bağlı xüsusi fəaliyyət istiqamətlərinə aid olan standartlar hazırlanıb, fəaliyyətin beynəlxalq təcrübəyə uyğunlaşdırılması məqsədilə "Akkreditasiya sahəsində" standartlaşma üzrə Texniki Komitə yaradılıb. Vətəndaşların dövlət tərəfindən yayımlanan məlumatlara çıxış imkanlarının artırılması, kütləvi informasiya vasitələrinin informasiya əldə etmək və yaymaq hüququnun təmin edilməsi, komitə və kütləvi informasiya vasitələri arasında qarşılıqlı etimadın artırılması və əməkdaşlığın gücləndirilməsi, həmçinin elektron xidmətlərin təkmilləşdirilməsi məqsədilə uyğunluq sertifikatlarının dövlət reyestrinin ictimaiyyətə açıq şəkildə təqdim olunmasına başlanılıb.

A.Əşrəfovun sözlərinə görə, hazırda istənilən şəxs həm Komitənin, həm də Dövlət Akkreditasiya Xidmətinin saytı vasitəsilə həm akkreditasiya olunmuş orqanlar barədə ətraflı məlumata, həm də sertifikatlaşdırma orqanlarının sertifikatlaşdırdıqları müəssisə və məhsullar barədə müfəssəl məlumat əldə edə bilərlər. Bu isə öz növbəsində istehlakçılara məhsul, mal və xidmət seçimində yardım edir, ictimaiyyət operativ olaraq sertifikatlaşdırılan məhsullarla tanış olur, bu sahədə baş verə biləcək saxtakarlıq hallarının qarşısını alır.

Mətbuat konfransında o da bildirilib ki, cənab Prezident tərəfindən aparılan islahatlar çərçivəsində Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin tabeliyində olan bir sıra qurumların hüquqi statusunu dəyişilməsi ilə bağlı təkliflər hazırlanır. Bunun əsas məqsədi dövlət büdcəsindən bu sahələrə ayrılan vəsaitə qənaət edilərək özünü maliyyələşdirmə müxanizmləri tətbiq etmək, bununla da yeni iş yerlərinin açılması, regionlarda bu fəaliyyət sahələri ilə məşğul olan potensial işçi qüvvəsinin formalaşması və beləliklə, sahələr üzrə müasir tələblər səviyyəsində işin qurularaq inkişaf etdirilməsidir. Artıq bununla bağlı Komitə rəhbərliyinin tapşırıqları olmuş, Komitənin Təcrübə-Sınaq Mərkəzinin (AzTest) kadr potensialının genişləndirilməsi, regionlarda fəaliyyətinin artırılması üzrə işlər görülür. Hazırda AzTEST-də 70-ədək daimi iş yerinin açılması prosesi həyata keçirilir.

Xatırladaq ki, "Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 4 aprel 2012-ci il tarixli, 604 nömrəli Fərmanına əsasən struktura daxil olan ərazi sınaq və sertifikatlaşdırma idarələri ləğv edilmiş, sertifikatlaşdırma üzrə qurumları akkreditasiyadan keçirməklə, sertifikatlaşdırma sahəsində işlərin səmərəli həyata keçirilməsi təmin edilmişdir. Bu Fərmandan irəli gələrək görülmüş işlərin nəticəsidir ki, qısa müddətdə uyğunluğun qiymətləndirilməsi xidməti göstərmək üçün maraqlı təşkilatların sayı artmış, bu sahədə libarallaşma, həmçinin rəqabət mühiti yaranmışdır. Sertifikatlaşdırma və kalibrləmə fəaliyyəti dövlət qurumunun inhisarından çıxarılmaqla sahibkarlarla bu xidməti göstərən özəl təşkilatlar arasında sıx əməkdaşlıq qurulmuş, münasibətlər bazar iqtisadiyyatı münasibətlərinə uyğunlaşmış və nəticədə məhsul və malların istehsalında, xidmətlərin göstərilməsində müasir standartların tətbiqi imkanları genişlənib. Hazırda bu islahatların davam etdiyini qeyd edən A.Əşrəfov jurnalistlərin suallarını cavablandırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti