...

İndiyədək 4600-dən çox gənc sahibkara 308 milyon manat güzəştli kredit verilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 Fevral 2016 15:18 (UTC +04:00)
Gənclərin sahibkarlıq təşəbbüsləri dəstəklənir.
İndiyədək 4600-dən çox gənc sahibkara 308 milyon manat güzəştli kredit verilib

Bakı. Trend:

Fevralın 11-də İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə Bakı Biznes Mərkəzində "İdeyadan biznesə doğru" mövzusunda gənclərin iştirakı ilə tədbir keçirilib.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, tədbirdə İqtisadiyyat Nazirliyinin, "ASAN xidmət" mərkəzinin, Azərbaycan Gənclər Fondunun, Yüksək Texnologiyalar Parkının, ali təhsil müəssisələrinin nümayəndələri, eləcə də 150-ə yaxın gənc iştirak edib.

İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov dövlət başçısı cənab İlham Əliyevin gənclərin hərtərəfli inkişafına, onların cəmiyyətdə rolunun daha da güclənməsinə, məşğulluğunun təmin edilməsinə və sosial problemlərinin həllinə, sahibkarlıq təşəbbüslərinin dəstəklənməsinə böyük diqqət və qayğı göstərdiyini vurğulayıb. Diqqətə çatdırılıbr ki, gənclərin sahibkarlıq fəaliyyətinin dəstəklənməsi və məşğulluğun təmin edilməsi "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramının həyata keçirilməsi üzrə Tədbirlər Planında müəyyən edilmiş mühüm vəzifələrdəndir. Ölkədə sahibkarlıq fəaliyyətinə, gənclərin məşğulluğunun artırılmasına dəstək mexanizmlərindən biri də güzəştli maliyyə dəstəyinin göstərilməsidir. Belə ki, İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən indiyədək 4600-dən çox gənc sahibkara 307,9 milyon manat güzəştli kredit verilib ki, bu da 14 200-dən çox yeni iş yerinin açılmasına imkan yaradır.

Biznes inkubatorların yaradılmasının gənclərin sahibkarlıq fəaliyyətinə cəlb edilməsində əsas mexanizmlərdən olduğunu vurğulayan S.Məmmədov İqtisadiyyat Nazirliyi tərəfindən Quba-Xaçmaz Regional İnkişaf Mərkəzində yaradılmış biznes inkubatorun fəaliyyətinin gənclərin innovativ potensialının və təşəbbüskarlığının dəstəklənməsinə, məşğulluğun artırılmasına, eləcə də iqtisadi rayonun inkişafına xüsusi töhfə verdiyini diqqətə çatdırıb. Bir il ərzində biznes inkubatorda müxtəlif tədbirlərin, o cümlədən treninqlərin, beynəlxalq ekspertlərin iştirakı ilə seminarların, biznes ideyalar müsabiqəsinin və digər tədbirlərin keçirilməsini, davamlı məsləhət xidmətlərinin göstərilməsini qeyd edən S.Məmmədov bu tədbirlərin gənc biznes inkubator iştirakçılarının sahibkar kimi formalaşmasında mühüm rol oynadığını və bu işlərin gələcəkdə də davam etdiriləcəyini vurğulayıb.

Bakı Biznes Tədris Mərkəzinin direktoru Akif Fərruxov, "ASAN xidmət" mərkəzinin əməkdaşı Fariz Cəfərov, Azərbaycan Gənclər Fondunun nümayəndəsi Orxan Ərəbov və digər iştirakçılar gənclərə göstərilən diqqət və qayğının daha da artdığını, gənclərin yaradıcılıq və məşğulluq təşəbbüslərinin genişləndiyini qeyd edib, dövlət proqramları çərçivəsində gənclərin təhsili və məşğulluğu sahəsində həyata keçirilmiş tədbirlər, gənclərin sahibkarlıq fəaliyyətinin daha da genişlənməsi istiqamətində görüləcək işlər barədə iştirakçılara ətraflı məlumat veriblər.

Tədbirdə çıxış edən gənclər ölkədə sahibkarlığın inkişafına göstərilən diqqət və qayğıya, həyata keçirilən çoxsaylı dəstək tədbirlərinə görə ölkə başçısına minnətdarlıqlarını bildirib, gənclərin inkişafı üçün daha yaxşı şəraitin yaradılmasına dair bir sıra təkliflər səsləndiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti