...

Ötən il Azərbaycana 1,3 milyon ton buğda idxal olunub

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 Fevral 2016 18:56 (UTC +04:00)
“Respublikada istehsal olunan ərzaqlıq buğdanın tədarükü, saxlanması, emalı və istifadəsi ilə bağlı mövcud problemlər və həlli yolları” mövzusunda müşavirə keçirilib.
Ötən il Azərbaycana 1,3 milyon ton buğda idxal olunub

Bakı. Trend:

Bu gün Kənd Təsərrüfatı Nazirliyində "Respublikada istehsal olunan ərzaqlıq buğdanın tədarükü, saxlanması, emalı və istifadəsi ilə bağlı mövcud problemlər və həlli yolları" mövzusunda aidiyyəti dövlət orqanlarının, Dövlət Taxıl Fondunun, alimlərin, ekspertlərin, iri taxıl istehsalçılarının, tədarükçülərin, dəyirmanların, çörəkbişirmə və makaron istehsalı müəssisələrinin nümayəndələrinin iştirakı ilə müşavirə keçirilib.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, müşavirəni giriş sözü ilə açan nazir müavini İlham Quliyev Prezident İlham Əliyevin aqrar sahəyə göstərdiyi diqqət və qayğıdan söhbət açıb, ölkədə aparılan institutsional islahatlar barədə geniş məlumat verib və kənd təsərrüfatının qarşısında duran əsas vəzifənin ölkəni ərzaq məhsulları ilə təmin etməkdən, ixracyönümlü, rəqabətqabiliyyətli məhsul istehsalından ibarət olduğunu vurğulayıb: "Taxılçılığın ölkə əhalisinin ərzaq təhlükəsizliyinin təminatında əsas strateji sahə olduğu nəzərə alınaraq, intensiv texnologiyalara üstünlük verilməklə respublikada taxıl istehsalı ilbəil genişləndirilir. Aqrar sahənin, xüsusilə taxılçılığın inkişafı üçün görülmüş tədbirlər sayəsində 2015-ci ildə bu sahədə əldə edilən nailiyyətlərin növbəti illərdə də daha da inkişaf etdirilməsi, sahələrdə bütün texnoloji prosesləri vaxtında və aqrotexniki qaydalara uyğun aparmaqla məhsuldarlığın artırılması və yaxın gələcəkdə keyfiyyətli taxıl məhsullarına olan tələbatın daxili istehsal hesabına tam ödənilməsinin təmin ediləcəyi proqnozlaşdırılır".

Nazirliyin Bitkiçilik şöbəsinin müdiri İmran Cümşüdov "Respublikada istehsal olunan ərzaqlıq buğdanın tədarükü, saxlanması, emalı və istifadəsi ilə bağlı mövcud problemlər və həlli yolları" mövzusunda təqdimat edib.

Müzakirələrdə qeyd edilib ki, yumşaq və bərk buğda bitkisi dənli taxıl bitkiləri arasında respublikamızda becərilən ənənəvi kənd təsərrüfatı bitkilərindən hesab olunur. Xaricdən introduksiya olunaraq rayonlaşdırılmış sortlarla yanaşı, Əkinçilik ET İnstitutunda alimlər tərəfindən qiymətli təsərrüfat xüsusiyyətləri ilə səciyyələnən çoxlu sayda buğda sortları yaradılaraq rayonlaşdırılıb və respublikamızın təsərrüfatlarında geniş sahələrdə becərilir.

Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2015-ci ildə respublikaya 296 831,8 min ABŞ dolları dəyərində 1,3 milyon ton buğda idxal olunub. Yerli məhsul isə iri tədarükçülər tərəfindən alınmadığından bir çox hallarda ərzaq buğdası yem kimi istifadə olunur.

Bildirilib ki, hazırda mülkiyyətçilər tərəfindən əsasən respublikanın bölgələrinin torpaq-iqlim şəraitinə uyğun rayonlaşdırılmış, məhsuldar buğda sortları becərilir ki, bu sortların da məhsulu yüksək çörəkbişirmə keyfiyyətlərinə malikdirlər. Həmin sortlar arasında qiymətli bərk buğda sortları da mövcuddur. Hazırda bərk buğda sortlarından Mirbəşir-50, Qaraqılçıq 2, Tərtər, Vüqar, Şiraslan 23, Tərtər 2, Yaqut, Bərəkətli 95, Turan, Əlincə 84, Qarabağ respublikanın müxtəlif ərazilərində əkilib-becərilir. Makaron sənayesi ilə yanaşı, bərk buğdalar çörək bişirilmədə də xüsusi əhəmiyyətə malikdir. Buğdanın seleksiyasında əsas məqsədlərdən biri onun çörək bişirmə keyfiyyətinin yüksəldilməsidir. Yumşaq buğda unundan çörək bişirmədə, bərk buğda unundan isə isə makaron istehsalında istifadə olunur. Bununla yanaşı, bərk buğda unundan 20-30% yumşaq buğda ununa qatmaqla çörək çıxımı, çörəyin ətiri və dadı daha da yaxşılaşır.

Tədbirdə Əkinçilik ET İnstitutunun müvafiq laboratoriyasında yerli buğda sortlarının unundan və idxal olunmuş buğda unlarından bişirilmiş çörəklər və onların keyfiyyət göstəriciləri əyani olaraq nümayiş etdirilib.

Tədbirdə iştirak edən tədarükçülərin, dəyirmanların, çörəkbişirmə və makaron istehsalı müəssisələrinin nümayəndələrinə ölkədə istehsal olunan ərzaq buğdasından istifadə etmələri tövsiyə olunub və bunun da yerli istehsalçıların maraqlarını qorumaqla ölkədən valyuta axınının qarşısının alınmasına xidmət edəcəyi vurğulanıb.

Sonda müşavirə iştirakçıları tərəfindən mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti