...

"Xaricə pul köçürülməsinə görə verginin tətbiqi investisiya mühitinə mənfi təsir edə bilərdi" (ƏLAVƏ OLUNUB)

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 Fevral 2016 19:07 (UTC +04:00)
"Valyuta tənzimi haqqında" qanuna dəyişikliklər Azərbaycanda investisiya mühitinə mənfi təsir edə bilərdi.
"Xaricə pul köçürülməsinə görə verginin tətbiqi investisiya mühitinə mənfi təsir edə bilərdi" (ƏLAVƏ OLUNUB)

Təfərrüatlar əlavə olunub (ilk xəbər saat 16:40-da yayılıb)

Bakı. Ənvər Məmmədov - Trend:

"Valyuta tənzimi haqqında" qanuna dəyişikliklər Azərbaycanda investisiya mühitinə mənfi təsir edə bilərdi. Trend-in məlumatına görə, bunu "Caspian European Club"un üzvlərinin iştirakı ilə keçirilən biznes-forumda jurnalistlərə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə deyib.

Onun sözlərinə görə, bu, həmçinin ölkədə xarici investorların iştirakı ilə müəssisələrin yaradılmasına mənfi təsir edə bilərdi.

Deputat bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev haqlı olaraq həmin qanuna dəyişikliklər edilməsinə veto qoydu, çünki yeni dəyişikliklər əhalinin eyni əməliyyata görə iki dəfə vergi ödəməsinə gətirib çıxara bilərdi: "Azərbaycan Prezidenti, ilk növbədə, ölkə əhalsinin konstitusiya haqlarının qorunmasının qarantıdır, bu dəyişikliklər isə müəyyən dərəcədə onları təmin etmirdi. Dəyişikliklər həm xarici, həm də yerli investorların biznes imkanlarına da mənfi təsir edə bilərdi".

Z.Səmədzadə vurğulayıb ki, hazırda Azərbaycana yerli və xarici investisiyaların axınını stimullaşdıran tədbirlər görmək lazımdır: "Bu gün sahibkarlarla görüşdüm. Onların da bizim baxacağımız bəzi təklifləri var. Biz yerli və xarici investisiyaların cəlb edilməsi və sahibkarların qorunması üçün biznes mühitinin yaxşılaşdırılması üzərində işləməliyik və qüvvədə olan qanun bu məqsədləri nəzərdə tutur".

Qeyd edək ki, fevralın 23-də Milli Məclis plenar iclasında valyutanın ölkə xaricinə çıxarılması üzrə əməliyyatlardan dövlət büdcəsinə 20 faizlik icbari ödənişi nəzərdə tutan "Valyuta tənzimi haqqında" qanuna dəyişikliklərin qəbul edilməsini məqsədəuyğun hesab etməyib.

Daha əvvəl Azərbaycan Prezidenti İlham Əliyev Milli Məclis tərəfindən 2016-cı il yanvarın 19-da qəbul edilmiş "Valyuta tənzimi haqqında" qanuna dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikası Qanununu imzalamadan 2016-cı il fevralın 3-də Milli Məclisə geri qaytarmışdı.

"Valyuta tənzimi haqqında" qanunda dəyişikliklər edilməsi barədə" qanuna əsasən, bəzi kateqoriya şəxslər istisna olmaqla, rezident və qeyri-rezident fiziki və hüquqi şəxslər tərəfindən Azərbaycandan kənara xarici valyutanın köçürülməsi üçün əməliyyat məbləğinin 20 faizi miqdarında icbari yığımın tam məbləğdə dövlət büdcəsinə ödənilməsi tələb olunurdu.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti