...

Salyan da aydınlığa çıxacaq (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 Aprel 2016 15:41 (UTC +04:00)
Salyan şəhərinin daha keyfiyyətli su ilə təmin olunması üçün təxirəsalınmaz tədbirlərin icrasına başlanılıb.
Salyan da aydınlığa çıxacaq (FOTO)

Bakı. Trend:

Salyan şəhərinin daha keyfiyyətli su ilə təmin olunması üçün təxirəsalınmaz tədbirlərin icrasına başlanılıb.

"Azərsu" ASC-dən Trend-ə verilən məlumata görə, təsdiqlənmiş plana uyğun olaraq, Şirvan-Muğan qrup su kəmərindən Salyan şəhərinə yeni magistral xəttin tikintisi, həmçinin Salyan şəhərinin bəzi küçələrində yeni paylayıcı şəbəkənin yaradılması nəzərdə tutulur. Layihə çərçivəsində 1,4 km uzunluğunda magistral, 2 km uzunluğunda paylayıcı xətlərin inşasına başlanılıb.

Aprel ayının ikinci yarısından layihənin icrasına başlanılıb və qısa müddət ərzində 710 mm diametrli magistral kəmərin 750 metrdən artıq hissəsinin tikintisi yekunlaşıb, eyni zamanda şəhərdaxili şəbəkədə müxtəlif diametrli borularla 800 metr uzunluğunda yeni xətt inşa edilib. Təsdiqlənmiş tədbirlər planına uyğun olaraq layihə üzrə işlərin iyun ayında tam başa çatdırılması nəzərdə tutulub. İşlər başa çatdıqdan sonra yeni çəkilmiş magistral xətt mövcud şəbəkəyə birləşdiriləcək və bununla da Salyan şəhərinin 12 mindən artıq sakini Kür Sutəmizləyici Qurğularında emal olunan keyfiyyətli içməli sudan istifadə edəcəklər. Şəhərə yeni mənbədən suyun verilməsi təmin edildikdən sonra 1972-ci ildən istismarda olan sutəmizləyici qurğunun, həmçinin 3 ədəd nasos stansiyasının fəaliyyəti dayandırılacaq.

Qeyd edək ki, Şirvan-Muğan qrup su kəmərinin təməli 2012-ci ilin iyul ayında Prezident İlham Əliyev tərəfindən qoyulub, 2013-cü ildə bu kəmərdən Hacıqabul, Şirvan və Biləsuvar şəhərlərinə içməli suyun verilməsi təmin edilib. Ümumilikdə, Şirvan-Muğan qrup su kəməri Hacıqabul, Şirvan, Biləsuvar, Salyan və Neftçala şəhərlərinin, həmçinin kəmərin marşrutu boyu yerləşən 121 kəndin 470 min sakininin içməli su təchizatının yaxşılaşmasına hesablanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti