...

Fransa şirkətləri Azərbaycan iqtisadiyyatına 2,4 milyard dollar investisiya qoyub

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 May 2016 18:43 (UTC +04:00)
"MEDEF International" təşkilatının nümayəndələri ilə görüş keçirilib.
Fransa şirkətləri Azərbaycan iqtisadiyyatına 2,4 milyard dollar investisiya qoyub

Bakı. Trend:

Mayın 10-da iqtisadiyyat naziri Şahin Mustafayev Azərbaycanda səfərdə olan "MEDEF International" təşkilatının Fransa-Azərbaycan Şirkət Rəhbərləri Şurasının prezidenti və "Suez" şirkətinin direktor müavini xanım Mari-Anj Döbonun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Ş.Mustafayev Azərbaycan və Fransa arasında əməkdaşlığın genişlənməsində yüksək səviyyəli qarşılıqlı səfərlərin və keçirilən görüşlərin mühüm əhəmiyyətini vurğulayıb. Qeyd edilib ki, ölkələrimiz arasında parlamentlərarası əlaqələr, humanitar, xüsusilə mədəniyyət və təhsil sahəsində əməkdaşlıq uğurla inkişaf edir.

Azərbaycan-Fransa iqtisadi əlaqələrinin müxtəlif sahələri əhatə etdiyini vurğulayan Ş.Mustafayev hazırda Azərbaycanda 40-dan çox Fransa şirkətinin fəaliyyət göstərdiyini, Fransa şirkətlərinin Azərbaycan iqtisadiyyatına 2,4 mlrd. dollar investisiya qoyduğunu, ötən il iki ölkə arasında ticarət dövriyyəsinin 1,1 mlrd. dollar təşkil etdiyini diqqətə çatdırıb. Fransa şirkətləri Azərbaycanda dövlət investisiyaları hesabına reallaşdırılan layihələrdə iştirak edir.

Görüşdə həyata keçirilən iqtisadi islahatlar barədə məlumat verilib, Azərbaycanın xarici investisiyalar üçün cəlbedici ölkə olduğu, tətbiq edilən mütərəqqi investisiya təşviqi mexanizminin xarici investorlar üçün əlverişli imkanlar yaratdığı diqqətə çatdırılıb.

İqtisadiyyat naziri Azərbaycan-Fransa işgüzar əlaqələrinin genişlənməsində "MEDEF International" təşkilatının xüsusi rolunu vurğulayıb, Fransa şirkətlərini ölkəmizdə aqrar, tikinti, nəqliyyat, aviasiya, turizm, yüksək texnologiyalar, ekologiya və s. sahələrə, xüsusilə özəl sektorda reallaşdırılan layihələrə investisiya yatırmağa dəvət edib, iqtisadi əlaqələrin genişləndirilməsində Azərbaycan-Fransa Ticarət Sənaye Palatasının fəaliyyətinin gücləndirilməsinin vacibliyini qeyd edib.

Tədbirdə AZPROMO-nun rəhbəri Rüfət Məmmədov Azərbaycanda aparılan iqtisadi islahatlar, biznes və investisiya imkanlarına dair təqdimatla çıxış edib.

Fransa-Azərbaycan münasibətlərinin geniş əhatə dairəsinə malik olduğunu qeyd edən "MEDEF International" təşkilatının Fransa-Azərbaycan Şirkət Rəhbərləri Şurasının prezidenti və "Suez" şirkətinin direktor müavini xanım Mari-Anj Döbon hər iki ölkənin iş adamları arasında əməkdaşlığın genişləndirilməsi üçün potensialı diqqətə çatdırıb və qeyd edib ki, bu səfər Fransa iş adamlarına Azərbaycanın biznes və investisiya imkanları ilə daha yaxından tanış olmaları üçün yaxşı fürsətdir.

Fransanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri xanım Orelia Buşez Azərbaycanın Cənubi Qafqazda Fransanın mühüm tərəfdaşlarından olduğunu, ölkəsinin əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu bildirib. Səfir Azərbaycanda aparılan iqtisadi islahatların xarici şirkətlər, o cümlədən Fransa şirkətləri üçün əlverişli imkanlar yaratdığını bildirib.

Görüşdə Fransa şirkətlərinin fəaliyyət sahələri barədə məlumat verilib, iqtisadi əlaqələrin genişləndirilməsi istiqamətləri müzakirə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti