...

Qətər Azərbaycandan heyvandarlıq məhsullarının idxalında maraqlıdır

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 May 2016 16:25 (UTC +04:00)
Heydər Əsədov Qətərin Azərbaycandakı səfiri Səyyar Bin Abdurrəhman Al-Muavidə və Qətərin Ticarət və Sənaye Palatasının İdarə heyətinin üzvü Məhəmməd Al-Ubeydli ilə görüşüb.
Qətər Azərbaycandan heyvandarlıq məhsullarının idxalında maraqlıdır

Bakı. Trend:

Mayın 18-də Azərbaycanın kənd təsərrüfatı naziri Heydər Əsədov Qətərin Azərbaycandakı səfiri Səyyar Bin Abdurrəhman Al-Muavidə və Qətərin Ticarət və Sənaye Palatasının İdarə heyətinin üzvü Məhəmməd Al-Ubeydli ilə görüşüb.

Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüşün məqsədi ikitərəfli iqtisadi münasibətlər və investisiya mühiti ilə bağlı müzakirələrin aparılması olub.

H.Əsədov iki ölkə arasında siyasi əlaqələrin yüksələn xətlə inkişaf etdiyini, iqtisadi əlaqələrin, xüsusilə kənd təsərrüfatı sahəsində əlaqələrin inkişaf etdirilməsini məqəsədəuyğun olduğunu diqqətə çatdırıb.

Nazir Azərbaycanda Qətərlə birgə müəssisələrin yaradılması, kənd təsərrüfatı məhsullarının, xüsusilə heyvandarlıq məhsullarının bu ölkəyə ixracı, aqrar sahədə biznes əlaqələrinin daha da genişləndirilməsi üçün Qətər iş adamlarının Azərbaycana səfər etməsini məqsədəuyğun hesab edib və iki ölkənin iş adamları üçün işgüzar əlaqələrin qurulması üçün ölkəmizdə böyük potensialın olduğunu qeyd edib.

H.Əsədov bildirib ki, Azərbaycanda istehsal olunan kənd təsərrüfatı məhsulları, xüsusilə meyvə-tərəvəz öz yüksək orqanikliyi ilə digər ölkələrdə istehsal olunan məhsullarla müqayisədə keyfiyyətinə görə seçilir. Nazir ölkəmizin 11 iqlim qurşağından 9-nun mövcud olduğu coğrafi məkanda yerləşdiyini, burada istehsal olunan kənd təsərrüfatı məhsullarının ekoloji baxımdan da keyfiyyətli olduğunu qonaqların diqqətinə çatdırıb. H.Əsədov Azərbaycanda meyvəçilik və tərəvəzçilik sahəsində ən müasir standartlara cavab verən istehsal və emal müəssisələrinin olduğunu, eyni zamanda ölkəmizdən ixrac olunan kənd təsərrüfatı məhsullarının bütün vergilərdən azad olunduğunu, ixracın stimullaşdırılması üçün subsidiyaların tətbiqi ilə əlaqədar dövlət tərəfindən geniş tədbirlər planı həyata keçirildiyini vurğulayıb. O, Qətərin iş adamlarını Azərbaycana dəvət edib və bu əlaqələrin genişlənməsi üçün nazirlik tərəfindən inverstorlara lazımi dəstək veriləcəyini vurğulayıb.

Nazir belə görüşlərin, danışıqların və müzakirələrin artıq praktiki müstəviyə keçirilməsinin zəruriliyini qeyd edib.

Qətərin Ticarət və Sənaye Palatasının İdarə heyətinin üzvü Məhəmməd Al-Ubeydli Qətər şirkətlərinin mayın 19-dan 21-dək Bakı Ekspo Mərkəzində keçiriləcək "Caspian Agro-2016" Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı sərgisində iştirak edəcəklərini və Azərbaycanın iş adamları ilə işgüzar əlaqələrin qurulmasında maraqlı olduqlarını diqqətə çatdırıv. O, Qətərdə özəl sektorun çox fəal olduğunu vurğulayaraq iki ölkə arasında ticarət əlaqələrinin daha da genişləndirilməsi üçün biznes imkanlarının araşdırılmasının vacibliyini söyləyib.

M.Al-Ubeydli Azərbaycanda istehsal olunan kənd təsərrüfatı məhsullarının həqiqətən də yüksək keyfiyyətə malik olduğunu müşahidə etdiyini, Qətərin kənd təsərrüfatı məhsullarının 90 faizini idxal etdiyini, Azərbaycandan bitkiçilik, heyvandarlıq məhsullarının, xüsusən də qoyun ətinin idxal olunmasında maraqlı olduqlarını nəzərə çatdırdı.

Sonda M.Al-Ubeydli Qətərlə Azərbaycan arasında aqrar sahədə əlaqələrin daha da genişləndirilməsi məqsədilə Azərbaycanın iş adamlarını Qətərə dəvət edib.

Səfir S.Al-Muavidə səmimi qəbula görə təşəkkür edərək Azərbaycanla kənd təsərrüfatı sahəsində əlaqələrin daha da inkişaf etdirilməsi üçün öz səylərini əsirgəməyəcəyini bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti