...

Dövlət Dəniz Administrasiyasının nümayəndə heyəti IMO-nun 96-cı sessiyasında iştirak edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 May 2016 11:41 (UTC +04:00)
Dövlət Dəniz Administrasiyasının nümayəndə heyəti Birləşmiş Millətlər Təşkilatının ixtisaslaşmış agentliyi olan, Azərbaycanın 1995-ci ildən üzvü olduğu Beynəlxalq Dəniz Təşkilatının (IMO) Londonda yerləşən baş qərargahında 11-20 may tarixlərində keçirilmiş Dəniz Təhlükəsizliyi Komitəsinin 96-cı sessiyasında iştirak edib.
Dövlət Dəniz Administrasiyasının nümayəndə heyəti IMO-nun 96-cı sessiyasında iştirak edib

Bakı. Trend:

Dövlət Dəniz Administrasiyasının nümayəndə heyəti Birləşmiş Millətlər Təşkilatının ixtisaslaşmış agentliyi olan, Azərbaycanın 1995-ci ildən üzvü olduğu Beynəlxalq Dəniz Təşkilatının (IMO) Londonda yerləşən baş qərargahında 11-20 may tarixlərində keçirilmiş Dəniz Təhlükəsizliyi Komitəsinin 96-cı sessiyasında iştirak edib.

Bu barədə Trend-ə Dövlət Dəniz Administrasiyasının Mətbuat xidmətindən məlumat verilib.

Açılış nitqi ilə çıxış edən Beynəlxalq Dəniz Təşkilatnın Baş Katibi Kitak Lim Beynəlxalq Dəniz Təşkilatının dünyada dəniz üzgüçülüyünün təhlükəsiziliyinin təmin edilməsində mühüm rolunu qeyd edib.

O, dəniz mühitinin mühafizəsi, dənizdə təhlükəsizliyin yüksək səviyyədə təmin edilməsi, eləcə də beynəlxalq ictimaiyyəti dərindən narahat edən dəniz quldurluğu hallarının qarşısının alınması məqsədi ilə müvafiq tövsiyələrin hazırlandığını sessiya iştirakçılarının diqqətinə çatdırıb.

Kitak Lim, həmçinin gələcəkdə dəniz qəzalarının qarşısının alınması məqsədi ilə üzv dövlətlər tərəfindən baş vermiş dəniz qəzaları barədə məlumatların ətraflı şəkildə Beynəlxalq Dəniz Təşkilatının Qlobal inteqrasiya edilmiş gəmiçiliyə dair məlumat sisteminə daxil edilməsinin vacibliyini xüsusi ilə qeyd edib.

Sessiya zamanı 2016-cı il üçün "Dənizçilik dünya üçün əvəzedilməzdir" şüarı altında "Dünya Dənizçilik Günü"nə həsr olunacaq tədbirin 29 sentyabrda Beynəlxalq Dəniz Təşkilatının baş qərargahında, paralel tədbirin isə noyabr ayında Türkiyədə keçiriləcəyi barədə məlumat verilib.

Eyni zamanda sessiyada "Dənizdə insan həyatının mühafizəsinə dair Beynəlxalq Konvensiya"ya, "Dənizçilərin hazırlanmasına, onlara diplom verilməsinə və növbə çəkməyə dair Beynəlxalq Konvensiya"ya, "Dəniz yolları ilə təhlükəli yüklərin daşınmasına dair Beynəlxalq Məcəllə"yə, "Neft tankerlərinin və qalama yüklər daşıyan gəmilərin yoxlanılması üzrə genişləndirilmiş təftiş proqramı haqqında Beynəlxalq Məcəllə"yə, eləcə də dəniz nəqliyyatı sahəsi ilə bağlı bir sıra digər mühüm sənədlərə təklif edilmiş dəyişikliklər nəzərdən keçirilib.

Bununla yanaşı yeni gəmilərin inşa edilməsinə dair standartların müəyyən edilməsi, dəniz ətraf mühitinin qorunması, dənizdə təhlükəsizliyin təmin olunması, həyata keçirilən axtarış və xilasetmə əməliyyatlarının təkmilləşdirilməsi, Beynəlxalq Dəniz Təşkilatına üzv dövlətlərdə qəbul edilmiş standartların tətbiqinin və nəzarət mexanizminin gücləndirilməsi barədə sessiya iştirakçıları arasında ümumi müzakirələr aparılıb.

Sessiyada, həmçinin Beynəlxalq Təsnifat Cəmiyyəti Assosiasiyasının 12 üzvünün təqdim etdiyi audit hesabatların üzv dövlətlər tərəfindən nəzərə alınması qeyd edilib və Türkiyə Respublikasının "Beynəlxalq dəniz gəmiçiliyinin asanlaşdırılması haqqında Konvensiya"nı ratifikasiya etməsi barədə məlumat verilib.

Sessiya müddətində Dövlət Dəniz Administrasiyasının mütəxəssislərindən ibarət nümayəndə heyətinin Beynəlxalq Dəniz Təşkilatının rəsmiləri, sessiyaya qatılmış bir sıra üzv dövlətlərin nümayəndə heyətləri ilə ikitərəfli görüşləri keçirilmiş və fikir mübadiləsi aparılıb.

Dünyanın 171 dövlətinin üzv olduğu Beynəlxalq Dəniz Təşkilatının Dəniz Təhlükəsizliyi Komitəsinin 96-cı sessiyası öz işini dəniz təhlükəsizliyi üzrə bir sıra mühüm qərarların qəbul edilməsi ilə yekunlaşdırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti