...

Sahibkarlara hüquqları başa salınıb (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 May 2016 16:04 (UTC +04:00)
Gəncədə sahibkarların hüquqlarının müdafiəsinə dair tədbir keçirilib.
Sahibkarlara hüquqları başa salınıb (FOTO)

Bakı. Trend:

Mayın 27-də Gəncədə İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə "Sahibkarların hüquq və mənafelərinin müdafiəsi" mövzusunda keçirilmiş tədbirdə İqtisadiyyat və Ədliyyə nazirliklərinin, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının, mərkəzi və yerli icra hakimiyyəti orqanlarının nümayəndələri və sahibkarlar iştirak ediblər. Bu barədə Trend-ə İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

İqtisadiyyat Nazirliyinin Sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdiri Elçin İbrahimov dövlət başçısı cənab İlham Əliyevin iqtisadi islahatlar paketi çərçivəsində ötən ilin sonlarından etibarən sahibkarlığın inkişafı ilə bağlı qəbul etdiyi qərarların iqtisadiyyatın davamlı inkişafının təmin olunması baxımından əhəmiyyətini vurğulayıb. Elçin İbrahimov sahibkarlığın inkişafı istiqamətində atılan addımlar, "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanununun tətbiqi barədə Azərbaycan Prezidentinin Fərmanından irəli gələn vəzifələrin icrası istiqamətində görülən işləri diqqətə çatdırıb.

Qeyd edilib ki, sahibkarlıq sahəsində aparılan yoxlamaların 2 il müddətinə dayandırılması, sahibkarlıq fəaliyyəti üçün lisenziya və icazələrin sayının və rüsumların əsaslı şəkildə azaldılması, sənədlərin alınma prosedurlarının sadələşdirilməsi sahibkarlığın inkişafına əlavə stimul verir. Ölkə ərazisindən dəmir yolları, dəniz nəqliyyatı, dəniz limanları və dəniz terminalları vasitəsilə tranzit yüklərin daşınmasında "bir pəncərə" prinsipinin tətbiqi, investisiyaların təşviqinin artırılması məqsədilə 7 il müddətində vergi və gömrük güzəştləri, qeyri-neft ixrac təşviqinin ödənilməsi və əlavə dəstək mexanizmlərinin yaradılması, dövlət satınalmaları sahəsində aparılan təkmilləşdirmələr sahibkarlığın inkişafı baxımından xüsusi əhəmiyyət daşıyır. Azərbaycan Respublikasının Prezidenti yanında, mərkəzi və yerli icra hakimiyyəti orqanlarında Apellyasiya Şuralarının yaradılması sahibkarların hüquqlarının daha etibarlı qorunmasına xidmət edir.

Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Rafiq Şəfiyev Gəncədə yaradılan yeni infrastruktur obyektləri, istehsal və xidmət müəssisələri barədə məlumat verib, şəhərdə özəl bölmənin inkişafına dövlət dəstəyi tədbirlərinin davam etdiyini və nəticədə yeni iş yerləri yaradılaraq əhalinin məşğulluğunun təmin olunduğunu qeyd edib. İcra başçısının müavini sahibkarların hüquqlarının qorunmasında maarifləndirmə tədbirlərinin əhəmiyyətini vurğulayıb, ölkədə həyata keçirilən iqtisadi islahatların hər bir bölgədə olduğu kimi, Gəncədə də fəaliyyət göstərən sahibkarların hüquqlarının səmərəli müdafiəsinə zəmin yaratdığını bildirib.

İqtisadiyyat Nazirliyinin Sənaye şöbəsinin müdir müavini Ayaz Qədirov tədbirdə iştirak edən iş adamlarına investisiya təşviqi sənədinin verilməsi qaydası, investisiyanın həyata keçirildiyi iqtisadi fəaliyyət sahələri, investisiya layihəsinin həcmi ilə bağlı minimal məbləğ və investisiya layihəsinin həyata keçiriləcəyi inzibati ərazi vahidləri, investisiya təşviqi sənədinin forması, tələb olunan sənədlər, müraciət qaydasını izah edib, onların suallarını cavablandırıb.

Ədliyyə Nazirliyinin nümayəndəsi Anar Quliyev və İqtisadiyyat Nazirliyinin Sahibkarlığın inkişafı siyasəti şöbəsinin əməkdaşı Xalid Balakişiyev sahibkarların hüquq və mənafelərinin qorunması sahəsində qanunvericilik, normativ aktlara edilmiş son dəyişikliklər, həmçinin sahibkarlıq sahəsində aparılan yoxlamaların təşkili və aparılması qaydaları, yoxlamaların təşkili ilə bağlı risklərin idarə edilməsi, yoxlama zamanı məhdudlaşdırıcı tədbirlər barədə məlumat veriblər.

Tədbirin sonunda sahibkarları maraqlandıran suallar cavablandırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti