...

"Kənd təsərrüfatı üzrə strateji baxış" mövzusunda konfrans keçirilib (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 İyun 2016 12:52 (UTC +04:00)
“Kənd təsərrüfatı üzrə strateji baxış: Rəqabətlilik, Ərzaq təhlükəsizliyi və Sosial aspektlər” mövzusunda konfrans təşkil edilib.
"Kənd təsərrüfatı üzrə strateji baxış" mövzusunda konfrans keçirilib (FOTO)

Bakı. Trend:

21 iyun tarixində Azərbaycanda KPMG, AmCham Azərbaycan, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi, Prezidentin İqtisadi İslahatlar üzrə Köməkçisi Xidməti və ADA Universiteti ilə birlikdə “Kənd təsərrüfatı üzrə strateji baxış: Rəqabətlilik, Ərzaq təhlükəsizliyi və Sosial aspektlər” mövzusunda konfrans təşkil edilib.

Konfrans zamanı “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri” əsasında müzakirələr aparıldı.

Konfransın əsas məqsədi İqtisadiyyatın Strateji Yol Xəritəsi çərçivəsində kənd təsərrüfatına baxışın əsas aspektlərini, yəni Rəqabətlilik, Ərzaq təhlükəsizliyi və Sosial aspekti (məşğulluq, regional inkişaf və s.) hökumət, özəl sektor və professorların təmsilçiliyi ilə üçtərəfli formatda müzakirə etməkdən ibarət idi.

ADA Universitetinin rektoru, Azərbaycan xarici işlər nazirinin müavini Hafiz Paşayev salamlama nitqi söyləyərək tədbirin əhəmiyyəti barədə çıxış edib. H.Paşayevin sözlərinə görə, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin fərmanı ilə 16 mart 2016-cı il tarixində təsdiq olunmuş “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri”nə əsasən, kənd təsərrüfatı davamlı iqtisadi inkişafı təmin etməyə və əhalinin rifahını yaxşılaşdırmağa istiqamətlənmiş milli iqtisadiyyatın prioritet sahələrindən biridir.

KPMG Rusiya və MDB ölkələrində Maliyyə Xidmətləri Praktikasının rəhbəri, partnyor Vüqar Əliyev bu mühüm tədbirin iştirakçısı olmaqdan məmnunluq hissi duyduğunu bildirərək, tədbirə ev sahibliyi etdiyi üçün ADA Universitetinə təşəkkür etdi. V.Əliyev kənd təsərrüfatı üzrə əlverişli vergi rejimi və inkişaf üçün yaxşı imkanlar yaradan investisiyanın təşviqi haqqında son qanun barədə iştirakçılara məlumat verdi.

Azərbaycan Respublikası Prezidentinin İqtisadi İslahatlar üzrə Köməkçisi Xidmətinin Kənd təsərrüfatı və sənaye məsələləri departamentinin Aqrar məsələlər şöbəsinin rəhbəri Elxan Mikayılov, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı, Kənd Təsərrüfatı Nazirliyinin İcmallaşdırma və statistik təhlil şöbəsinin müdiri Firdovsi Fikrətzadə, ADA Universitetinin Sahibkarlıq, Ticarət və İnnovasiya Mərkəzinin icraçı direktoru Tariyel Mirzoyev, AB-nin Azərbaycandakı nümayəndə heyətinin proqram meneceri Olaf Haydelbax, Frankfurt Maliyyə və Menecment Məktəbinin nümayəndəsi dr. Kristof Kordonnir, AYİB/AB AzAFF layihəsinin heyət rəhbəri Mələk Çakmak, Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Tərəfdaşlıq və Əlaqələndirmə ofisinin rəhbəri, “Azersun” şirkətinin baş direktoru Savaş Uzan tədbirdə çıxış etdilər. Onlar mövzunun müxtəlif aspektləri, məsələn gələcəkdə ölkənin qida təchizatına olan tələbatı, kənd təsərrüfatı sahəsində islahatların əhəmiyyəti, cari təmayüllər və imkanlar, iqtisadi diversifikasiya və kənd təsərrüfatının inkişafı ilə bağlı öz fikirlərini bölüşdülər: perspektivlər və problemlər, ərzaq təhlükəsizliyi və qidalanma.

AmCham Azərbaycan-ın icraçı direktoru Natəvan Məmmədova bütün qonaqlara, natiqlərə və ADA Universitetinə təşəkkür etdi. O, biznes cəmiyyəti və professorların fəal iştirakı ilə bu cür üçtərəfli formatda müzakirənin bütün maraqlı tərəflərin gözləntilərinin həyata keçirilməsində mühüm əhəmiyyət kəsb etdiyini bildirdi. N.Məmmədova AmCham-ın ölkədə hazırda icra olunan islahatlara dəstəyini və səmərəli əməkdaşlıq üzrə öhdəliyini bir daha vurğuladı.

KPMG MDB ölkələrində Kənd Təsərrüfatı sektorunun rəhbəri, partnyor Vitaliy Şeremet “Azərbaycanda kənd təsərrüfatı: effektivliyin artması və rəqabətlilik” mövzusunda təqdimatla çıxış etdi.

KPMG MDB ölkələrində Kənd Təsərrüfatı üzrə direktor İlya Strokin “Azərbaycanda ərzaq təhlükəsizliyi: problemlər və imkanlar” mövzusunda çıxış edərək ərzaq təhlükəsizliyini gücləndirmək istiqamətində tədbirlər təklif etdi.

Konfrans fəal sual-cavab sessiyası ilə davam etdi.

V.Qasımlı yekun nitqində bu cür tədbirlərin əhəmiyyətini qeyd edərək, konfrans zamanı irəli sürülən tövsiyələrin Azərbaycanda aparılan iqtisadi islahatlara mühüm təsir edəcəyini vurğuladı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti