...

Dövlət Neft Fondu: "Brexit"in nəticələri qeyri-müəyyənlik yaradıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 İyun 2016 19:18 (UTC +04:00)
Təbii ki, belə kəskin dəyişikliklər bütün investisiya fondlarının və bankların portfellərinə mənfi təsir göstərib.
Dövlət Neft Fondu: "Brexit"in nəticələri qeyri-müəyyənlik yaradıb

Bakı. Trend:

Böyük Britaniyanın Avropa İttifaqına üzvlüyünün davam etdirilməsi ilə bağlı keçirilən referendumun (Brexit) nəticələri qeyri-müəyyənlik yaradaraq, dünya maliyyə bazarlarında kəskin dalğalanmalara səbəb olub. Trend-in məlumatına görə, bu barədə Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) açıqlamasında deyilir.

Qeyd olunur ki, bu, ilk növbədə, özünü qlobal səhm və valyuta bazarlarında göstərib: "Belə ki, bütün əsas səhm indeksləri 5%-dən artıq düşüb, ingilis funt sterlinqi və avronun məzənnəsi müvafiq olaraq təqribən 10% və 3% enib. Təbii ki, belə kəskin dəyişikliklər bütün investisiya fondlarının və bankların portfellərinə mənfi təsir göstərib".

ARDNF-nin hazırda səhm yatırımları ümumi vəsaitlərin təxminən 10%-ə qədərini təşkil edir. Digər 90% isə sabit gəlirli qiymətli kağızlarda, daşınmaz əmlakda və qızılda yerləşdirilib ki, bu aktivlərin dəyəri sabit qalıb və hətta qızılın dəyərində kəskin artım müşahidə olunub.

Nəhayət valyuta məzənnələrindəki qısamüddətli dəyişkənlikdən yaranan fərqə gəldikdə, ARDNF-nin portfelinin aktivlər üzrə olduğu kimi müxtəlif valyutalar üzrə də diversifikasiya olması bu dəyişkənliyin son nəticədə portfelə nə zərər, nə də mənfəət mənbəyi olaraq hesab olunmur və gəlirliliyin hesablanmasında da nəzərə alınmır.

Fondun istər maliyyə alətləri, istərsə də valyutalar üzrə yüksək diversifikasiyası onun hazırki investisiya portfelinin qorunmasına şərait yaradır.

ARDNF-nin investisiya siyasətinə əsasən Fondun investisiya portfelinin vəsaitinin 50%-i ABŞ dolları, 35%-i avro və 5%-i ingilis funt sterlinqi ilə ifadə olunan aktivlərə, digər 10%-i isə Azərbaycan Prezidentinin 2001-ci il 19 iyun tarixli 511 nömrəli fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Dövlət Neft Fondunun valyuta vəsaitinin saxlanması, yerləşdirilməsi və idarə edilməsi haqqında Qaydalar"ın 2.2.1-ci yarımbəndində nəzərdə tutulmuş - Böyük Yeddilərə (Amerika Birləşmiş Ştatları, Almaniya Federativ Respublikası, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı, Fransa, İtaliya, Kanada və Yaponiya), Avropa Valyuta Birliyinə daxil olan ölkələrin, Rusiya və Türkiyənin, həmçinin uzunmüddətli öhdəliklər üzrə “A” (Standard ənd Purz, Fiç) və ya “A2” (Mudiz) kredit reytinqindən aşağı olmayan reytinqə malik olan ölkələrin valyutalarında ifadə olunmuş aktivlərə yerləşdirilə bilər.

Xatırladaq ki, iyunun 23-də keçirilən referendumda Böyük Britaniyada Aİ-dən çıxmağa (Brexit) səs verənlərin sayı çoxluq təşkil edib. Referendumda iştirak edənlərin 52 faizi Birləşmiş Krallığın Aİ-ni tərk etməsini istəyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti