...

Milli statistika sistemi təkmilləşdirilir

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 İyul 2016 11:28 (UTC +04:00)
Dövlət Statistika Komitəsinin nümayəndə heyəti Niderland Krallığında təşkil olunan təlimlərdə iştirak edir.
Milli statistika sistemi təkmilləşdirilir

Bakı. Trend:

Dövlət Statistika Komitəsinin nümayəndə heyəti Niderland Krallığında təşkil olunan təlimlərdə iştirak edir.

Komitənin mətbuat xidmətindən Trend-ə verilən məlumatda bildirilir ki, 17-23 iyul tarixlərində Dövlət Statistika Komitəsinin nümayəndələri "Milli statistika sisteminin Avropa standartlarına uyğunlaşdırılmasında Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinə dəstək" Tvinninq layihəsi çərçivəsində Niderland Statistika Bürosunun təlimlərinə qatılıblar.

Təlimlərdə Dövlət Statistika Komitəsinin Sosial statistika şöbəsinin müdiri Elçin Hacı, Əhali statistikası şöbəsinin müdiri Rza Allahverdiyev və Komitənin 2 əməkdaşı iştirak edirlər. Əsas məqsəd Sosial Müdafiə Statistikası üzrə Avropa Sistemi (ESSPROS) metodologiyası ilə tanışlıq və bu sistemin ölkəmizdə tətbiqi imkanlarının öyrənilməsidir.

Niderlandlı mütəxəssislər tərəfindən Sosial Müdafiə Statistikası üzrə Avropa Sistemi metodologiyasının mahiyyəti, sistemin əsasları və Milli Hesablarla əlaqəsi izah ediləcək. ESSPROS-un modulları, əsasən də pensiya modulu haqqında ətraflı fikir mübadiləsi aparılmaqla üstünlükləri haqqında məlumat veriləcək. Sistemin qurulması üçün zəruri məlumatların toplanması üsulları və məlumat mənbələri haqqında müzakirələr də aparılacaq.

Səfər çərçivəsində bir sıra görüşlərin keçirilməsi də nəzərdə tutulub. Görüşlərdə Dövlət Statistika Komitəsinin nümayəndələrinin Azərbaycanda əlillik statistikasının strukturu, əldə olunan məlumatlar, onların mənbələri, məlumatların toplanması üsulları haqqında təqdimatları dinləniləcək. Bu sahə üzrə mövcud vəziyyət, məlumatlara olan zərurət, qarşıya çıxan problemlər və onların həlli üsulları da müzakirə ediləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti