...

Astara çayı üzərində dəmir yolu körpüsünün və yeni dəmir yolunun tikintisi davam edir (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 İyul 2016 17:07 (UTC +04:00)
Astara çayı üzərində dəmir yolu körpüsünün və 8,3 km uzunluğunda yeni dəmir yolunun tikintisi davam edir.
Astara çayı üzərində dəmir yolu körpüsünün və yeni dəmir yolunun tikintisi davam edir (FOTO)

Bakı. Trend:

Astara çayı üzərində dəmir yolu körpüsünün və 8,3 km uzunluğunda yeni dəmir yolunun tikintisi davam edir. Bu barədə Trend-ə “Azərbaycan Dəmir Yolları” QSC-nin Mətbuat Katibliyindən daxil olan məlumatda deyilir.

“Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin tikintisinin reallaşdırılması istiqamətində mühüm addımların atılması, Azərbaycanın tranzit potensialının artırılmasında, ölkələrimiz arasında əlaqələrin daha da genişləndirilməsində mühüm rol oynayacaq. Bu məqsədlə Azərbaycan Prezidenti İlham Əliyev 7 dekabr 2015-ci ildə “Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin Azərbaycan Respublikasının ərazisindən keçən hissəsində işlərin sürətləndirilməsi haqqında” Sərəncam imzalayıb.

12 may 2016-cı ildə Nazirlər Kabineti “Torpağın alınmasını zəruri edən dövlət ehtiyacının və həmin torpağı alan orqanın müəyyən edilməsi barədə” Qərar qəbul edib. Həmin Sərəncama uyğun olaraq, 20 aprel 2016-cı ildə Azərbaycan Respublikası ilə İran İslam Respublikasının dövlət sərhədində, Astara çayı üzərində 82,5 metr uzunluğunda dəmir yolu körpüsünün təməli qoyulub, Astara stansiyasından İran İslam Respublikası dövlət sərhədinə qədər birxətli 8,3 km uzunluğunda yeni dəmir yolunun tikintisinə start verilib.

Astara stansiyasından İran İslam Respublikası dövlət sərhədinə qədər birxətli 8,3 km uzunluğunda dəmir yolunun torpaq yatağının işlənməsi davam edir. Relyefi mürəkkəb olan əraziyə 100-ə yaxın texnika cəlb olunub. Əraziyə 510 000 kubmetr qum, qaya daşı, çınqıl daşınması nəzərdə tutulub və bunun 370 000 kubmetri artıq daşınıb.

Ərazidə əkin sahələrinin suvarılması üçün 14 ədəd suötürücü qurğu tikilməlidir. Bunun 11 ədədi artıq hazırdır. Digərlərində torpaq qazma, betonlama işləri davam edir. Sərhəd nəzarəti və kəndarası avtomobil yolunun torpaq yatağının altından keçirilməsi məqsədilə tikilən 2 ədəd müxtəlif səviyyəli suötürücülərinin özül hissəsi betonlanıb, hazırda yan divarların armaturlama işləri aparılır.

Dəmir yolunun tikintisi düşən ərazidə su, rabitə, elektrik və qaz xətlərinin köçürülməsi tamamlanmaq üzrədir. Bütövlükdə bu ərazidə köçürülməli olan 315 vətəndaşın yaşayış evi, həyətyanı sahəsi və pay torpağı var (10-u yaşayış evidir). Artıq bunun 104-ü, o cümlədən, 7 evi köçürülüb. Digərlərinin sənədləşməsi aparılır.

Eyni zamanda Astara stansiyasının yollarının yenilənməsi də gündəmdədir. Artıq stansiyadaxili yollardan 2 km-i əsaslı təmir olunub. 1 km yolda isə əsaslı təmir işlərinin aparılması davam edir.

Astara çayı üzərində tikiləcək üç aşırımlı dəmir yolu körpüsünün orta və kənar dayaqlarının altında, 32 ədəd 32 metr dərinliyində (diametri 1,2 metr) svay vurulub, 2 dayaq tikilib və digər 2 dayaqda tikinti-quraşdırma işləri davam edir. 8,3 km uzunluğunda yeni dəmir yolu xəttinin qoyuluşuna avqust ayının ortalarında başlanması nəzərdə tutulur.

Qeyd edək ki, "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizi haqqında Razılaşma Rusiya Federasiyası, İran İslam Respublikası və Hindistan arasında 12 sentyabr 2000-ci ildə Sankt-Peterburq şəhərində bağlanılıb. Göstərilən dövlətlərdə daxili prosedurlardan keçdikdən sonra Razılaşma 21 may 2002-ci il tarixdən qüvvəyə minib. 2005-ci ilin sentyabr ayında Azərbaycan Respublikasının Qanunu ilə ölkəmiz "Şimal-Cənub Beynəlxalq nəqliyyat dəhlizi haqqında" Sazişə qoşulub.

Proqnozlar göstərir ki, tam gücü ilə fəaliyyət göstərəcəyi təqdirdə “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi Avropa ölkələrinin, Rusiyanın, Orta Asiya və Qafqaz regionlarının Fars körfəzi və Hindistana çıxışına, Xəzəryanı ölkələrin Qara dəniz limanları ilə ticarət əlaqələrinin intensivləşdirilməsinə şərait yaradacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti