...

Abituriyentlər UNEC-lə tanış olub (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 İyul 2016 17:22 (UTC +04:00)
İyulun 29-da abituriyentlər və valideynləri Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) olub.
Abituriyentlər UNEC-lə tanış olub (FOTO)

Bakı. Trend:

İyulun 29-da abituriyentlər və valideynləri Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) olub. UNEC-in Marketinq və kommunikasiya departamentindən Trend-ə daxil olan məlumata görə, onlarla görüşən UNEC rektoru, professor Ədalət Muradov universitetdə həyata keçirilən islahatlar, yeniliklərdən söz açaraq, ali məktəbin strateji hədəflərindən danışıb.

Rektor bildirib ki, regionun iqtisadyönümlü ən böyük təhsil ocağı olan və dörd dildə təhsil verən UNEC-də tədrisin yeni keyfiyyət standartı olan “Elektron Universitet” modelinin tətbiqinə başlanılıb. Rektor universitetdə tələbələr üçün yaradılan şəraitdən, müasir standartlar səviyyəsində qurulan müəllim-tələbə münasibətlərindən, keyfiyyətli təhsilin təşkili, şəffaf mühitin yaradılması məqsədilə görülən və görüləcək işlərdən danışıb. Ə.Muradov abituriyentlərə UNEC-in tələbə həyatı haqda da məlumat verib, onların savadlı, əmək bazarının tələblərinə cavab verən iqtisadçı kimi yetişməsi məqsədilə univeristetdə həyata keçirilən layihələrdən danışıb.

Rektor bildirib ki, dünyanın ali təhsil müəssisələrinin reytinqini müəyyən edən “Webometrics”in hesabatına əsasən, UNEC iki il ard-arda Azərbaycan universitetləri arasında liderliyini qoruyub saxlayır. Universitet QS reytinq agentliyinin İnkişaf etməkdə olan Avropa və Mərkəzi Asiya regionu üzrə sıralamasında iqtisadyönümlü 4-cü universiteti olmaqla, regionun ən yaxşı 200 ali məktəbi sırasında yer alıb.

Universitetin gələcəyə hesablanan hədəflərini açıqlayan Ə.Muradov başlıca məqsədin UNEC-i dünya səviyyəli universitetlər sırasında görmək olduğunu bildirib. Əlavə edib ki, məqsədə çatmağın əsas yolllarından biri UNEC-ə savadlı gəncləri cəlb etməkdir.

Abituriyentlər və valideynləri rektora suallarını ünvanlayıblar. Onlar əsasən universitetin beynəlxalq əlaqələri, ikili diplom proqramları, UNEC Biznes Məktəbi, SABAH qrupları, Beynəlxalq İqtisadiyyat Məktəbi, London Universiteti/London İqtisadiyyat Məktəbinin bakalavr proqramı və qəbul qaydaları barədə maraqlanıblar.

Sonda abituriyent və valideynlər üçün UNEC-in tədris binasında infotur təşkil edilib. Onlar universitetin auditoriyaları, İnnovativ Biznes İnkubator, kitabxana, Yaradıclıq Mərkəzi və Radio UNEC ilə tanış olublar.

Qeyd edək ki, abituriyentlərin UNEC-ə olan marağını nəzərə alaraq, Radio UNEC-də xüsusi proqramların təşkili və açıq qapının keçirilməsi nəzərdə tutulub.

UNEC Azərbaycan Dövlət İqtisad Universitetinin brendidir. 21 yanvar 2016-cı ildə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən UNEC brendi qeydiyyata alınaraq, patentləşdirilib. Brend təsdiqlənərkən Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi xüsusi təsnifatın 41-ci sinfini əsas götürərək – tərbiyə etmə, tədris prosesinin təmin edilməsi, əyləncələr, idman və mədəni-maarif tədbirlərinin təşkili, ikinci isə 42-ci sinif – elmi və texnoloji xidmətlər və onlara aid elmi tədqiqatlar və işləmələr, sənaye analizi və elmi tədqiqatlar üzrə xidmətlər, kompüterlərin texniki və proqram təminatının işlənməsi və təkmilləşdirilməsi əsas götürüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti