...

DGK: Yerli məhsulllar idxal məhsulları ilə rəqabət apara biləcək (YENİLƏNİB)

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 Oktyabr 2016 11:29 (UTC +04:00)
Azərbaycana gətirilən bəzi mallar üçün gömrük rüsumlarının artırılması ilk növbədə yerli məhsulların istehsal həcminin artmasına gətirib çıxaracaq.
DGK: Yerli məhsulllar idxal məhsulları ilə rəqabət apara biləcək (YENİLƏNİB)

Bakı. Trend:

Azərbaycana gətirilən bəzi mallar üçün gömrük rüsumlarının artırılması ilk növbədə yerli məhsulların istehsal həcminin artmasına gətirib çıxaracaq. Trend-in məlumatına görə, bunu jurnalistlərə Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev deyib.

O bildirib: "Onsuz da biz hamımız Azərbaycanda istehsal edilən kənd təsərrüfatı və qida məhsullarına üstünlük veririk. Sadəcə, onlar hazırda ölkəyə gətirilən xarici məhsullar ilə dempinq qiymətləri üzrə rəqabət apara biləcəklər. Əgər ölkədə toyuq əti, yumurta və qida məhsulları istehsal edilirsə, ölkə dondurulmuş xarici məhsullara görə valyuta ödəməlidir".

A.Əliyev deyib ki, bu qərar təkcə kənd təsərrüfatı məhsullarına deyil, həm də şirələrə, qazlı sulara və tikinti materiallarına yönəlib: "Azərbaycan uzun müddət ərzində müxtəlif içkilər, konservləşdirilmiş məhsullar ixrac edir - güman edirəm ki, gələcəkdə də bu məhsullar [idxal analoqları] həmin qərarın [Nazirlər Kabinetinin] təsiri altına düşəcək. Ölkədə qeyri-neft sektorunun inkişafına böyük diqqət göstərilir və bu qərar məhz bu inkişafın qorunub saxlanmasına xidmət edir.

Qeyd edək ki, Nazirlər Kabineti (NK) tərəfindən Azərbaycanda idxal edilən ev toyuqları (ət və ət əlavələri, təzə, soyudulmuş və ya dondurulmuş) və toyuq yumurtaları, soğan, xiyar, qoz-fındıq, üzüm, alma, armud, heyva, xurma, meyvə şirələri, spirtli içkilər üçün yeni və yüksək gömrük idxal rüsumları müəyyənləşdirilib.

Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının ərazisinə gətirilən mallar üzrə gömrük idxal rüsumlarının dərəcələri”ndə etdiyi dəyişiklikdə əksini tapıb.

Dəyişikliyə əsasən Azərbaycana idxal edilən 1 kq ev toyuğu əti üçün 1 dollar, 1000 ədəd toyuq yumurtası üçün 100 dollar, 1 kq soğan üçün 0,2 dollar, 1kq xiyar üçün 0,2 dollar, 1 kq qoz-fındıq üçün 1,5 dollar, 1 kq üzüm üçün 0,4 dollar, 1 kq alma (sidr istehsalı üçün, qalama (qabsız), sentyabrın 16-dan dekabrın 15-dək), armud (perrinin və ya armud sidrinin istehsalı üçün, qalama (qabsız), avqustun 1-dən dekabrın 31-dək), heyva üçün 0,3 dollar, 1 kq xurma üçün 0,3 dollar gömrük idxal rüsumu müəyyənləşdirilib. O cümlədən, meyvə şirələrinin, spirtli içkilərin 1 litri üçün 0,7 dollardan az olmamaqla gömrük idxal rüsumu alınacaq.

Bu qərar dərc olunduğu gündən 30 gün sonra qüvvəyə minir və iki il müddətində qüvvədədir.

Qeyd edək ki, bundan əvvəl bu məhsullara gömrük dəyərinin 15 faizi həcmində standart gömrük idxal rüsumu tətbiq edilirdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti