...

Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin fəaliyyətində nöqsanlar aşkarlanıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 Dekabr 2016 12:22 (UTC +04:00)
Auditin nəticələri ilə bağlı Milli Məclisə məlumat verilib.
Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin fəaliyyətində nöqsanlar aşkarlanıb

Bakı. Trend:

Azərbaycan Hesablama Palatasının kollegiyası müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq 2014-2015-ci illərdə və 2016-cı ilin birinci rübündə Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinə və onun tabeliyində olan “Azalternativenerji” MMC tərəfindən dövlət büdcəsindən ayrılan vəsaitlərin proqnozlaşdırılması və istifadəsi vəziyyəti ilə bağlı həyata keçirilmiş auditin nəticələri üzrə hesabatı müzakirə edərək təsdiq edib.

Palatadan Trend-ə verilən məlumata görə, audit dövlət büdcəsindən ayrılmış aparatın və MMC-ninn saxlanılması üçün 7,3 mln. manat, həmçinin cəlb edilmiş 2,5 mln. manat kredit resursunu və dövlət büdcəsinin əsaslı vəsait qoyuluşu hesabına ayrılmış 10,6 mln. manat məbləğində vəsaiti əhatə edib. “Azalternativenerji” MMC tərəfindən 17 obyektdə (günəş, külək və kiçik su elektrik stansiyası) bütün qurğularla alternativ enerji mənbələri hesabına elektrik enerjisinin istehsalı 2015-ci ildə 8157799,0 kVt.s və 2016-cı ilin birinci rübündə isə 1949889,0 kVt.s təşkil edib.

2015-ci ildə elektrik enerjisi istehsalı ümumi istehsalat gücünün 46,0%-ni təşkil edib, 4 obyektin layihə gücündən 10,0%, 5 obyektin layihə gücündən 20,0%, 4 obyektin layihə gücündən 50,0%, 2 obyektin layihə gücündən 90,0% və 2 obyektin layihə gücündən isə 90,0%-dən çox istifadə olunub. Audit olunan obyektlər tərəfindən istehsal edilmiş elektrik enerjisinin 88,1%-i satışa ötürülüb, 11,9%-i daxili istehlaka və itkiyə yönəldilib.

“Azərbaycan Respublikasında alternativ və bərpa olunan enerji mənbələrindən istifadə olunması üzrə Dövlət Proqramı”nda müəyyən edilmiş tədbirlər vaxtında və tam icra edilməyib, “Azalternativenerji” MMC-nin idarəetmə orqanlarından olan Müşahidə Şurası və Elmi Metodiki Mərkəz yaradılmayıb, Proqramda nəzərdə tutulmuş tədbirlər bəzi hallarda gecikmə ilə yerinə yetirilib, Proqramda qoyulan məqsədlərin bəzilərinə nail olunmayıb, “2015-2020-ci illər üçün Azərbaycan Respublikasında alternativ və bərpa olunan enerji mənbələrindən istifadəyə dair Dövlət Strategiyası” layihəsinin müvafiq direktiv orqanlarında təsdiq edilməsi təmin edilməyib.

Layihə güclərinin işə salınmasına çəkilən xərclərin təhlili layihə gücü eyni olan bir neçə obyektin smeta dəyərlərinin müxtəlif olduğunu göstərir. Agentlik tərəfindən bu, həmin ərazilərdə infrastruktur işlərinin müxtəlifliyi ilə əlaqləndirilsə də, eyni güclərin yaradılmasına çəkilən xərclərin əhəmiyyətli fərqlənməsi obyektlərin layihələndirilməsi işinin təkmilləşdirilməsinin və əlaqələndirilməsinin zəruri olduğunu qeyd etmək imkanı verir.

Müəyyən edilib ki, bəzi hallarda enerji satışı üzrə hesablaşmaların uçotu vaxtında aparılmayıb, quraşdırılmış alternativ enerji mənbələri obyektlərinin istismara verilməsi ilə bağlı işlərin həyata keçirilməsi tam təmin edilməyib, bəzi aktivlər əsas vəsait kimi uçota alınmayıb, 2015-ci ilin hesabat dövrü üzrə mənfəət vergisinin bəyannaməsində mənfəət vergisi az göstərilib, debitor və kreditor borcların ləğv edilməsi istiqamətində zəruri tədbirlər görülməyib.

Hesablama Palatasının kollegiyası Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi və “Azalternativenerji” Məhdud Məsuliyyətli Cəmiyyət tərəfindən yol verilmiş nöqsanların müəyyən hissəsinin audit dövründə aradan qaldırıldığını nəzərə almaqla bu istiqamətdə fəaliyyətin daha da gücləndirilməsi, həmçinin nöqsanlara yol vermiş vəzifəli şəxslərin Azərbaycan qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilməsi barədə qərar qəbul edib, icra olunması və həyata keçirilmiş tədbirlər barədə Hesablama Palatasına məlumat verilməsi məqsədilə kollegiya qərarının surəti və müvafiq təqdimat Agentliyə göndərilib.

Auditin nəticələri ilə bağlı Milli Məclisə məlumat verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti