...

Azərbaycanla Dünya Bankı arasında TANAP üzrə kredit sazişi imzalanıb (YENİLƏNİB) (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 Yanvar 2017 16:20 (UTC +04:00)
Bu gün Bakıda Azərbaycan hökuməti ilə Dünya Bankı arasında Transanadolu qaz kəməri (TANAP) layihəsi üzrə kredit sazişinin imzalanma mərasimi olub.
Azərbaycanla Dünya Bankı arasında TANAP üzrə kredit sazişi imzalanıb (YENİLƏNİB) (FOTO)

Bakı. Azad Həsənli - Trend:

Bu gün Bakıda Azərbaycan hökuməti ilə Dünya Bankı arasında Transanadolu qaz kəməri (TANAP) layihəsi üzrə kredit sazişinin imzalanma mərasimi olub.

Bu barədə Trend-ə Dünya Bankının Bakı ofisində məlumat verilib.

Sazişi Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Mersi Tembo və “Cənub Qaz Dəhlizi” QSC-nin rəhbəri Əfqan İsayev, zəmanət sazişini isə Mersi Trembo və maliyyə naziri Samir Şərifov imzalayıb.

Layihənin icra olunması üçün Dünya Bankı Azərbaycana 400 milyon dollar ayırıb. Kreditin ödənilmə müddəti 30 il, güzəştli müddət 5 il təşkil edir.

Qeyd edək ki, Xəzərin Azərbaycan sektorundakı “Şahdəniz-2” yatağından çıxarılan qazı Türkiyəyə və bu ölkədən Avropaya nəql edəcək TANAP “Cənub Qaz Dəhlizi”nin tərkib hissəsi olan layihədir. TANAP Türkiyə-Gürcüstan sərhədində Cənubi Qafqaz Boru Kəmərinə, Türkiyə-Yunanıstan sərhədində isə “Trans-Adriatik” (TAP) qaz boru kəmərinə birləşəcək. Uzunluğu 1810 kilometr olan TANAP-ın Əskişəhərə qədər olan hissəsinin 2018-ci ilin ortasında istismara verilməsi nəzərdə tutulur, hazırda layihə üzrə işlərin 55 faizi yerinə yetirilib. Boru kəmərinin ilkin ötürücülük qabiliyyəti 16 milyard kubmetrdir və sonradan bu həcmin 31 milyard kubmetrədək artırılması imkanı var.

TANAP-ın səhmdarlarının bu layihədə payı belədir: “Cənub Qaz Dəhlizi” QSC - 58 faiz, “Botaş” - 30 faiz və BP şirkəti - 12 faiz.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti