...

Cənub Qaz Dəhlizi Məşvərət Şurasının III iclasının Birgə Bəyannaməsi imzalandı

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 Fevral 2017 17:53 (UTC +04:00)
Cənub Qaz Dəhlizi Məşvərət Şurasının III iclasının Birgə Bəyannaməsi imzalanıb.
Cənub Qaz Dəhlizi Məşvərət Şurasının III iclasının Birgə Bəyannaməsi imzalandı

Bakı. Trend:

Cənub Qaz Dəhlizi Məşvərət Şurasının üçüncü Nazirlər Görüşünün Birgə Bəyannaməsini 12 iştirakçı imzalayıb.

Energetika Nazirliyindən Trend-ə verilən məlumata görə, Cənub Qaz Dəhlizi Məşvərət Şurasının üçüncü Nazirlər Görüşündə iştirak edən Azərbaycan, Albaniya, Bolqarıstan, Gürcüstan, Yunanıstan, İtaliya, Türkiyə, Xorvatiya, Monteneqro, Böyük Britaniya, ABŞ nümayəndələrinin və Avropa Komissiyasının vitse-prezidentinin imzaladığı Birgə Bəyannamə yayılıb.

Bəyannamədə 23 fevral 2017-ci il tarixində Bakı şəhərində keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurasının üçüncü Nazirlər Görüşünün iştirakçıları Azərbaycandan Gürcüstana, Türkiyəyə və daha sonra Avropa ölkələrinə qazın etibarlı və dayanıqlı təchizatını təmin etməkdən ötrü Cənub Qaz Dəhlizi istiqaməti üzrə yerləşən ölkələlərlə enerji resurslarının daşıyıcıları, təchizatçıları və istehlakçıları arasında uzunmüddətli strateji əlaqələri davam etdirmək və dərinləşdirmək əzmində olduqlarını bəyan ediblər.

Sənəddə 2015-ci ilin 12 fevral və 2016-cı ilin 29 fevral tarixlərində Bakıda nazirlər səviyyəsində keçirilmiş 1-ci və 2-ci toplantılardan bəri Cənub Qaz Dəhlizi layihəsinin həyata keçirilməsində əldə olunmuş əhəmiyyətli nailiyyətlər alqışlanaraq, Cənub Qaz Dəhlizinin tikintisinin yubanmalarsız başa çatdırılması üçün zəruri ilkin normativ və hüquqi sənədlərin, eləcə də icazə və səlahiyyətlərin verilməsinə aid prosedurların son təsdiqlənməsində aidiyyəti ölkələrin bundan sonrakı səylərinin dəstəkləndiyi əks olunub. Bildirilib ki, mövcud olan və planlaşdırılan infrastruktur sahibləri ilə, o cümlədən Mərkəzi və Cənub-Şərqi Avropada Qazötürücü Şəbəkənin İnşası struktruru (CESEC) çərçivəsidə əməkdaşlıq üçün texniki və kommersiya imkanlarının qiymətləndirilməsi yolu ilə Cənub Qaz Dəhlizinin Enerji İcmasının Balkanlardakı ölkələri kimi digər bazarlara, o cümlədən Avropa İttifaqının hüdudlarından kənara genişləndirilməsinə rəvac verməyə davam etdiriləcək: “Biz Yunanıstan-Bolqarıstan Birləşdirici Boru Kəməri, İonik-Adriatik Boru Kəməri və Türkiyə-Bolqarıstan layihələrindəki maraqlarımızı müdafiə edirik. Avropadakı ölkələrin, onların Enerji təhlükəsizliyini gücləndirməkdən ötrü enerji təcrid etməsinə son qoymağa can atacağıq”.

İştirakçılar Cənub Qaz Dəhlizi çərçivəsində layihələrin əlçatan şəkildə maliyyələşdirilməsinin təmin edilməsində beynəlxalq maliyyə qurumlarının əzmini alqışladıqlarını, əməkdaşlığın möhkəmləndirilməsi, eləcə də milli, Avropa və regional maliyyə qurumlarının şəffaf, proqnozlaşdırılan və stabil normativ şəraitin yaradılması vasitəsilə cəlb edilməsi mexanizmlərinin effektivliyinin artırılması üzrə daha sonrakı səyləri dəstəklədiklərini bəyan edərək, beynəlxalq maliyyə qurumlarını Cənub Qaz Dəhlizinə dəstəyi gücləndirməyə çağırıblar.

Bundan başqa, iştirakçıların Avropa Komissiyasının daimi dəstəyi və Enerji İttifaqının Çərçivə Strategiyasının ən yaxşı tərzdə istifadə edilməsi yolu ilə Cənub Qaz Dəhlizi layihəsinin həyata keçirilməsindən ötrü regionda və onun hüdudlarından kənarda strateji enerji tərəfdaşlığına rəvac verdikləri qeyd edilib.

Sənəddə deyilir ki, “Cənub Qaz Dəhlizini təchizatçılar və/ya tranzit ölkələr qismində mümkün gələcək iştirakçılar üçün əlçatan etməkdən ötrü biz ikitərəfli və çoxtərəfli əməkdaşlığı inkişaf etdirməyə, həmçinin Cənub Qaz Dəhlizinin gələcəkdə hər hansı genişləndirilməsinin realizə olunması zamanı meydana çıxa biləcək aidiyyəti hüquqi məsələlərin, normativ tənzimləmə məsələlərinin və narahatlıq predmeti olan təhlükəsizlik məsələlərinin ən praktik surətdə və vaxtlı-vaxtında həll edilməsi üçün işçi səviyyəsində konsultasiyaları davam etdirməyə öz qəti niyyətimizi bir daha təsdiqləyirik”.

Bundan başqa, Avropaya təbii qazın əlavə potensial təchizatçılarının təbii qaz təchizatlarını gələcəkdə diversifikasiya etməkdən ötrü Cənub Qaz Dəhlizindən istifadə etmək marağı təqdir edilərək, Avropaya əlavə qazın nəql edilməsinə dair müvafiq danışıqların başlanmasına dəstək ifadə edilib. Yekun olaraq, Birgə Bəyannamədə iştirakçılar bildiriblər ki, “Cənub Qaz Dəhlizinin həyata keçirilmə mərhələsinə çatdığımızı nəzərə alaraq, biz hazırda Cənub Qaz Dəhlizinin gələcək həcmlər, yeni birləşdirici kəmərlər və əlavə bazarlar daxil olmaqla, daha sonrakı inkişafının qiymətləndirilməsinə başlayırıq”.

Qeyd edək ki, Birgə Bəyannamənin mətni vətəndaşların təhlükəziliyinin və rifahının, habelə ətraf mühitin vəziyyətinin yaxşılaşdırılması üzrə ümumi məqsədlər əsasında strateji tərəfdaşlığa, aşağı karbonlu, təhlükəsiz və rəqabətədavamlı iqtisadiyyata keçməyə nail olmaq üçün gələcəyə istiqamətlənən İqlim Dəyişikliyi Siyasətli çevik Enerji Birliyi üçün çərçivə strategiyasına uyğun olaraq bütöv Avropa enerji sisteminin qurulmasının və enerji mənbələrinin şaxələndirilməsinin, təchizatın və enerjinin nəqli marşrutlarının təhlükəsizliyinin vacibliyinə, Cənub Qaz Dəhlizinin Avropaya yeni təbii qaz mənbələrinin şaxələndirilməsini təmin edən Avropa İttifaqının strateji layihəsi kimi tanınmasına əsaslanıb.

Bununla yanaşı, Azərbaycanın təhlükəsiz, etibarlı, rəqabətədavamlı və əlçatan enerjinin Gürcüstan, Türkiyə və Avropadakı müştərilərinə çatdırmaq səyləri ilə Cənub Qaz Dəhlizinin təkanverici qüvvəsi kimi strateji rolu, Azərbaycanda Avropanı əlavə qaz həcmləri ilə təmin edə bilən işlənməmiş əhəmiyyətli qaz ehtiyatlarının olması və Cənub Qaz Dəhlizinin növbəti inkişaf mərhələsində Azərbaycanın və investisiya şirkətlərinin Abşeron, Ümid, Babək, Qarabağ, Dan Ulduzu, Əşrəfi, Şahdəniz III və digər layihələrinin işlənməsinə kömək etmək qərarı, eləcə də Şahdəniz yatağının işlənməsinə dair HPBS-nin müddətinin 2048-ci ilədək, Azəri-Çıraq-Günəşli (AÇG) yataqlarının işlənlməsinə dair HPBS-nin müddətinin 2050-ci ilədək uzadılmasına dair əldə olunmuş razılıqlar nəzərə alınıb. Türkiyə və Gürcüstanın ərazilərindəki enerji layihələrinin və Xəzər dənizindən Avropaya qədər uzanan nəqliyyat dəhlizlərinin uğurlu fəaliyyətinin təmin edilməsində, Albaniya, Yunanıstan və İtaliyanın Trans Adriatik Boru Kəməri layihəsinin icra olunmasında irəliləyişə görə xüsusi rolu qiymətləndirilib. Amerika Birləşmiş Ştatlarının Xəzər Dənizindən Avropaya nəqliyyat dəhlizinin, Cənub Qaz Dəhlizinin inkişaf etdirilməsinə və Xəzər regionunda ümumi təhlükəsizliyə davamlı dəstəyi, Xorvatiya, Monteneqro, habelə Bosniya və Herseqovinanın nümayəndə heyətlərinin iclasda müşahidəçi qismində iştirakı və CQBK, TANAP və TAP layihələrinin Avropa İttifaqının Ümumi Maraq Layihələrinin siyahısına daxil edilməsi mühüm məqamlar kimi nəzərə alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti