...

İlham Əliyev: Bu dəhlizlər təkcə coğrafi mövqeyimiz sayəsində deyil, bizim siyasətimiz sayəsində Azərbaycan ərazisindən keçir

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 Mart 2017 14:12 (UTC +04:00)
"Şimaldan Cənuba, Şərqdən Qərbə olan bu dəhlizlərin hər ikisi təkcə coğrafi mövqeyimiz sayəsində deyil, bizim siyasətimiz sayəsində Azərbaycan ərazisindən keçir".
İlham Əliyev: Bu dəhlizlər təkcə coğrafi mövqeyimiz sayəsində deyil, bizim siyasətimiz sayəsində Azərbaycan ərazisindən keçir

Bakı. Trend:

"Şimaldan Cənuba, Şərqdən Qərbə olan bu dəhlizlərin hər ikisi təkcə coğrafi mövqeyimiz sayəsində deyil, bizim siyasətimiz sayəsində Azərbaycan ərazisindən keçir".

Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev martın 13-də Parisdə Fransa Şirkətlər Hərəkatının (MEDEF) biznes şurasının üzvləri ilə görüşündə deyib.

Dövlətimizin başçısı qeyd edib ki, Azərbaycanın diqqət yetirdiyi başqa bir strateji istiqamət ölkədə nəqliyyat qovşağının yaradılmasıdır:

"Bizim coğrafi mövqeyimiz əlverişlidir. Biz Asiya ilə Avropanın arasında yerləşirik və artıq sahib olduğumuz müasir nəqliyyat infrastrukturu ilə böyük maraq cəlb edirik. Bizim hər növ təyyarə, o cümlədən ən böyük yük təyyarələri qəbul edə bilən 6 beynəlxalq hava limanımız var. Biz artıq region üçün hava nəqliyyatı ilə yükdaşımalar qovşağına çevrilmişik. Bizim bütün qonşu ölkələrlə dəmir yolu əlaqələrimiz var. Azərbaycanın Gürcüstan vasitəsilə Türkiyə ilə dəmir yolu əlaqəsi bu il yaradılacaq. Bu, Xəzər dənizi, Azərbaycan vasitəsilə Çindən Avropaya dəhliz açır. Bu, yüklərin daşınması vaxtını iki dəfə azaldır. İlk sınaq qatarı artıq bizim ərazimizdən keçib. Ötən il biz, həmçinin Hindistandan Pakistan, Fars körfəzi, İran, Azərbaycan, Rusiya, Şimali Avropaya uzanan Cənub-Şimal nəqliyyat dəhlizinin yaradılmasına çoxlu investisiya yatırmaqla, bizi İranla birləşdirən dəmir yolu xəttinin çatışmayan hissəsini tamamlamışıq. Biz bir neçə mühüm beynəlxalq toplantı və tədbir təşkil etmişik. Biz üzərimizə düşən hər şeyi etmişik. Beləliklə, bu dəhlizin çatışmayan hissəsi tikilən kimi biz Hindistandan Şimali Avropaya yüklərin indiki 40-45 gün əvəzinə 14 günə daşınmasına imkan verən yeni marşrut açacağıq. Şimaldan Cənuba, Şərqdən Qərbə olan bu dəhlizlərin hər ikisi təkcə coğrafi mövqeyimiz sayəsində deyil, bizim siyasətimiz sayəsində Azərbaycan ərazisindən keçir".

Prezident İlham Əliyev vurğulayıb ki, infrastruktursuz coğrafiya çox da böyük məna kəsb etmir:

"Hazırda biz Xəzərdə yükaşırma qabiliyyəti 25 milyon ton olan ən böyük dəniz limanını tikirik. Birinci mərhələ bu il tamamlanacaq. Qeyd etdiyim kimi, 6 beynəlxalq hava limanı, müasir yük gəmiləri, hər növ gəmi istehsal edə bilən gəmiqayırma zavodu, dəmir yolu infrastrukturunun müasirləşdirilməsi və əlbəttə ki, qonşularla çox yaxşı əlaqələr. Çünki qonşularla əməkdaşlıq etməsən nəqliyyatda hədəflərə nail ola bilməzsən. Bizim bütün qonşularımızla, Şimal, Cənub, Qərb və Xəzər dənizindən o yana Şərq qonşularımızla əla siyasi və iqtisadi əlaqələrimiz var, bu, həmçinin regionun sabitliyi üçün vacibdir. Daxildə sabitlik, daxildə inkişaf və sərhədlərimizdən kənarda proqnozlaşdırılabilən vəziyyət, qonşularla yaxşı əlaqələr - bütün bunlar artıq baş verir. Bu, reallıqdır. Başqa sözlə, bizim siyasətimiz regionda yeni reallıq və ilk növbədə, qeyd etdiyim kimi, qonşularımızla yeni əməkdaşlıq formatı yaradıb".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti