...

Turagentlər və otel fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri ilə görüş keçirilib (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 Aprel 2017 15:38 (UTC +04:00)
Bu gün “Excelsior” otelində ölkəmizdə fəaliyyət göstərən turagentlər və otel fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri üçün Vergilər Nazirliyi ilə Azərbaycan Turizm Assosiasiyasının birgə təşkil etdiyi görüş keçirilib.
Turagentlər və otel fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri ilə görüş keçirilib (FOTO)

Bakı. Trend:

Bu gün “Excelsior” otelində ölkəmizdə fəaliyyət göstərən turagentlər və otel fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri üçün Vergilər Nazirliyi ilə Azərbaycan Turizm Assosiasiyasının birgə təşkil etdiyi görüş keçirilib.

Nazirlikdən Trend-ə verilən məlumata görə, görüşdə Vergilər Nazirliyi yanında Lokal Gəlirlər Departamentində qeydiyyatda olan 50-dək vergi ödəyicisi iştirak edib.

Tədbiri Lokal Gəlirlər Departamentinin baş direktoru Nəsimi Cəfərov açaraq bildirib ki, ölkə rəhbərliyi tərəfindən aparılan iqtisadi islahatlar nəticəsində son illərdə təkcə paytaxt Bakıda deyil, respublikamızın regionlarında da turizm fəlaiyyəti ilə məşğul olan iş adamlarının sayı artır, çoxlu turizm obyektləri istifadəyə verililir. Bildirilib ki, bu obyektlər arasında dünya brendləri hesab edilən turizm mərkəzləri və otellər də vardır.

Görüş iştirakçılarına vergi sistemində aparılan islahatlar, vergi orqanları ilə vergi ödəyiciləri arasında partnyorluq münasibətlərin genişləndirilməsi istiqamətində aparılan işlər barədə məlumat verilib. Qeyd edilib ki, vergi daxilolmalarının icrası prosesində vergi orqanları daha çox nəzarət tədbirlərinə deyil, vergi ödəyiciləri ilə partnyorluq münasibətləri çərçivəsində vergilərin könüllü ödənilməsinin inkişafına nail olmağa çalışırlar. 2017-ci ildən şəffaf vergi partnyorluğu əsasında fəaliyyət göstərən vergi ödəyicilərinə “Yaşıl dəhliz” prinsipi ilə xidmətlər göstərilir. Partnyor ödəyicilərə ənənəvi xidmətlərlə yanaşı, İKT-nin son nailiyyətlərinə əsaslanan innovativ xidmətlər də təqdim edilir. Belə xidmətlərə videobağlantılar, Çağrı və xidmət mərkəzlərində partnyor ödəyicilərə növbəsiz və sürətli xidmətlərin göstərilməsi, partnyor ödəyicilərin müraciəti əsasında onlar üçün dəyirmi masa, seminar və konfransların təşkili, xüsusi təlim proqramlarının hazırlanması və s. aiddir.

İntizamlı vergi ödəyicisi olmağın üstünlüklərinə toxunan N.Cəfərov Departamentin qeydiyyatında olan vergi ödəyiciləri arasında 1 turagentin və 3 otelin şəffaf vergi partnoru statusuna malik olduğunu, daha 2 turagent və 4 otelin bu statusu almaq üçün müraciət etdiyini və hazırda onların göstəricilərinin təhlil olunduğunu diqqətə çatdırıb.

Vergi Məcəlləsinə edilmiş əlavə və dəyişikliklər, eləcə də “Nağdsız hesablaşmalar haqqında” Qanuna edilmiş dəyişiklikləri görüş iştirakçılarının nəzərinə çatdıran departament direktoru turagentlərə ödəmələrin yalnız nağdsız qaydada həyata keçirilməli olduğunu vurğulayıb, turagentlərin və otellərin fəaliyyət sahələrinə aidiyyatı olan digər qanunvericilik aktlarında edilmiş dəyişikliklər də görüş iştirakçılarının diqqətinə çatdırıb.

Aprelin 10-dan başlayaraq 1 ay müddətində Bakı şəhərində ticarət festivalının keçirildiyi və bu festival zamanı xarici vətəndaşlarla yanaşı yerli əhali tərəfindən də müəyyən olunmuş ticarət obyektlərindən alınmış mallara görə ƏDV-ni geri ala biləcəyi barədə də görüş iştirakçılarına məlumat verilib. Nəticə etibarilə bu festivalların otel, turagent, iaşə və digər sahələrin inkişafına da müsbət təsir göstərəcəyi qeyd olunub.

Ölkəmizdə turizm sektorunun inkişafına müsbət təsir göstərən amillərdən biri də 2016-cı ildən etibarən respublikamızda tətbiq edilən “Tax free” sistemidir. Qeyd edilib ki, “Tax free” sisteminin tətbiqi xarici turistlərin ölkəyə cəlb edilməsinə və onların ölkə ərazisində daha çox mal almaqla, pərakəndə ticarətdə satış dövriyyəsinin artırılmasına, ixracyönümlü istehsalın stimullaşdırılmasına, xarici valyutanın ölkəyə axınının artmasına şərait yaradır. “Tax free” sistemində ƏDV-nin qaytarılması üçün əsasən hava limanlarında xüsusi məntəqələr yaradılıb. Bu sistem ölkəmizə gələn turistlər arasında böyük marağa səbəb olub.

Görüşdə Azərbaycan Turizm Assosiasiyasının nümayəndələri də çıxış edib. Sonra tədbir iştirakçılarının çoxsaylı sualları cavablandırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti