...

İSTANBULDA KEÇİRİLƏCƏK IIII AVRASİYA İQTİSADİ FORUMUNDA AZƏRBAYCAN DA TƏMSİL OLUNACAQDIR

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 İyun 2005 12:40 (UTC +04:00)

İyulun 5-dən 7-dək İstanbulda keçiriləcək IIII Avrasiya İqtisadi Zirvə Toplantısında Azərbaycan iqtisadi inkişaf naziri Fərhad Əliyevin başçılıq etdiyi böyük nümayəndə heyəti ilə təmsil olunacaqdır. Bu haqda iqtisadi inkişaf naziri Fərhad Əliyev Trend ə verdiyi eksklyuziv müsahibəsində bildirmişdir.

Onun sözlərinə görə, nümayəndə heyətinin tərkibinə müxtəlif sahələrdə fəaliyyət göstərən 30-dək sahibkarın daxil olacağı planlaşdırılmışdır. "Hazırda nümayəndə heyətinin tərkibinə daxil olacaq iş adamlarının siyahısının dəqiqləşdirilməsi aparılmaqdadır. Zirvə toplantısı çərçivəsində keçirəcəyimiz görüşlərdə ölkəmiz üçün faydalı olacaq yeni əməkdaşlıq imkanlarını araşdıracağıq",- deyə Fərhad Əliyev vurğulamışdır.

Xatırladaq ki, IIII Avrasiya İqtisadi Zirvə Toplantısı Mərmərə Strateji və Sosial Araşdırmalar Fondu ilə İstanbul Ticarət Palatası tərəfindən təşkil olunacaqdır. Toplantıda Azərbaycanla yanaşı, Türkiyə, Gürcüstan, Rusiya, Ukrayna, Rumıniya, Yunanıstan, Macarıstan, Fransa, Monqolustan və digər ölkələrdən gəlmiş dövlət və hökumət rəsmiləri, tanınmış biznes strukturlarının rəhbərləri, müxtəlif iş adamları iştirak edəcəklər. Tədbir çərçivəsində, həmçinin, Türkiyənin biznes dairlərinin iştirakı ilə "Azərbaycanda biznes və sərmayə imkanları" mövzusunda biznes-forumun keçirilməsi, eləcə də Türkiyə-Azərbaycan iqtisadi əməkdaşlığını əks etdirən sərginin keçirilməsi də planlaşdırılmışdır.

Xəbər lenti

Xəbər lenti