...

ÖTƏN İL "QARADAĞ SEMENT"İN İSTEHSAL ETDİYİ SEMENTİN HAMISI YERLİ BAZARDA SATILIB

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 İyul 2005 19:44 (UTC +04:00)

Ötən il "Qaradağ Sement" ASC-nin istehsal etdiyi bütün sementin hamısı yerli bazarda satılıb. Bunun da əsas səbəbi ölkənin tikinti sektorunun sürətlə inkişaf etməsidir. Bu barədə ASC-nin idarə heyətinin sədri Üve Köhler müəssisənin səhmdarlarının ümumi yığıncağında bildirib. Onun sözlərinə görə, 2004-cü ildə zavodda 1,3 milyon ton sement istehsal edilibdir ki, bu da əvvəlki illə müqayisədə 400 min ton çoxdur.

1999-cu ildə isə zavodda istehsal edilmiş sementin həcmi 200 min ton təşkil edibdir. 1999-2004-cü illər ərzində isə zavodda aparılan yenidənqurma işlərinə, həmçinin təzə süzgəclərin alınmasına 26,8 milyon dollar həcmində vəsait sərf olunub.

Qeyd edək ki, hazırda ölkədə yeganə sement istehsalçısı olan "Qaradağ Sement" 1999-cu ildə səhmdar cəmiyyəti elan olunmuş və müəssisənin səhmlərinin əksər hissəsi İsveçrənin "Holcim Group" şirkəti tərəfindən alınmışdır.

Xatırladaq ki, Azərbaycanın sementə olan illik tələbatı 2,5 milyon ton təşkil edir. Lakin ölkədə sement istehsalı tələbatı tam ödəmir və buna görə də qiymətlər bahadır.

Bir müddət əvvəl İqtisadi İnkişaf naziri Fərhad Əliyev media nümayəndələrinə müsahibəsində yerli istehsal hesabına tələbatın ödənilməsi üçün bir sıra tədbirlərin nəzərdə tutulduğunu bildirmişdir. Buna misal kimi F.Əliyev "Qaradağ Sement" rəhbərliyinin zavodun genişləndirilməsi və istehsalın artırılması barədə hökumətə müraciət etdiyini qeyd etmişdir.

O bundan başqa bəzi iş adamlarından da sement istehsalı ilə bağlı müraciətlərin daxil olduğunu və hazırda hökumətdə bütün bu müraciətlərin nəzərdən keçirildiyini söyləmişdir.

Xəbər lenti

Xəbər lenti