...

NAZİRLƏR KABİNETİ MÜHARİBƏ VETERANLARINA AYRILMIŞ MÜAVİNƏTLƏRİN İCRA MEXANİZMİNİ HAZIRLAYIR

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 İyul 2005 15:39 (UTC +04:00)

Hazırda Nazirlər Kabinetində prezident İlham Əliyevin fərmanı ilə müharibə veteranları üçün ayrılmış 55 min manat həcmində olan müavinətlərin hansı struktur tərəfindən paylanılması üzərində iş aparılır.

Bu barədə Trend ə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin pensiya siyasəti idarəsinin baş mütəxəssisi Valeh Novruzov bildirib. Onun sözlərinə görə, yaxın günlərdə hökumətin çıxaracağı qərarda müavinətlərin verilməsinin icra strukturu bəlli olacaq.

"Məsələ burasındadır ki, müharibə veteranlarının bir qismi hazırda pensiya yaşına çatdıqları üçün onlar Dövlət Sosial Müdafiə Fondundan (DSMF) müavinətlər almaqdadırlar.

Ola bilsin ki, həmin kateqoriyadan olan vətəndaşlar bu müavinətləri DSMF, yerdə qalan digər nisbətən cavan yaşlı müharibə veteranları isə yerli "sobes"lər vasitəsi ilə ala biləcəklər",- deyə, Valeh Novruzov bildirib.

Xatırladaq ki, prezident İlham Əliyevin ötən gün imzaladığı fərmanda müharibə veteranlarına müavinətlərin avqustun 1-dən verilməsi öz əksini tapıb.

Hazırda ölkədə 70 minədək müharibə veteranının olduğu bildirilir.

Xəbər lenti

Xəbər lenti