...

BAKIDA TİCARƏT VƏ NƏQLİYYATA YARDIM LAYİHƏSİ ÜZRƏ GUAM ÖLKƏLƏRİ RƏHBƏREDİCİ KOMİTƏSİNİN İCLASI KEÇİRİLİB

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 İyul 2005 19:49 (UTC +04:00)

Bakıda GUAMA (Gürcüstan, Ukrayna, Azərbaycan, Moldova) daxil olan ölkələrin ticarət və nəqliyyata yardım layihəsi üzrə rəhbəredici komitəsinin üçüncü iclası keçirilib.Bu barədə Trend agentliyinə Azərbaycan Dövlət gömrük komitəsində bildirilib.

Azərbaycan dövlət gömrük komitəsinin sədri Kəmaləddin Heydərov iclası açaraq qlobal terrorizm təhlükəsi şəraitində ticarətə yardım ilə mal axınının təhlükəsizliyini təmin edən ölçüləri özündə birləşdirən yeni mexanizmlərin yaradılması zərurətini qeyd edib.

"Azərbaycan hökuməti beynəlxalq ticarətin yeni normalarının işlənib-hazırlanması üçün konkret addımlar atır ki, bu da təhlükəsizliyin gücləndirilməsinə və ticarət əməliyyatlarının asanlaşdırılmasına imkan verir " -deyə o qeyd edib.

K.Heydərov bildirib ki, layihə çərçivəsində ölkə qanunvericiliklərinin həmin sahələrdə unifikasiya edilməsi və onların gömrük proseduralarını sadələşdirməsi nəzərdə tutulur.

O, həmçinin qeyd edib ki, layihənin gerçəkləşdirilməsi ticari əlaqələrin inkişafı ilə yanaşı kontrabanda və beynəlxalq terrorizmlə daha səmərəli mübarizə aparmaq üçün imkan verəcək.

Heydərov həm də Azərbaycan gömrük işçilərinin GUAM ölkələrindən olan həmkarları ilə uğurlu əməkdaşlığını qeyd edərək xatırladıb ki, Azərbaycan Gürcüstan və Ukrayna ilə gömük sahəsində əməkdaşlığa dair hökumətlərarası saziş imzalayıb və belə bir saziş həmçinin Moldova ilə imzalanmaq üçün hazırlıq mərhələsindədir.

Öz növbəsində AR xarici işlər nazirinin müavini Araz Əzimov regional nəqliyyat dəhlizlərinin strateji əhəmiyyətini qeyd edib.Onun fikrincə, nəqliyyat dəhlizləri sisteminin inkişafı nəinki region ölkələrinin iqtisadi əlaqələrinin genişləndirilməsinə xidmət edir, həm də burada geosiyasi və geoiqtisadi təhlükəsizliyin təmin edilməsində mühüm rol oynayır.

A.Əzimovun fikrincə, bu baxımdan belə layihələr Özbəkistanın və Qazaxıstanın da diqqətində ola bilər.

Xəbər lenti

Xəbər lenti