...

ASTARA, BİLƏSUVAR VƏ YARDIMLININ GÖMRÜK-KEÇİD MƏNTƏQƏLƏRİ YENİ AVADANLIQLARLA TƏCHİZ OLUNACAQ

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 İyul 2005 16:10 (UTC +04:00)

Avropa İttifaqının maliyyələşdirdiyi və BMT-nin İnkişaf proqramının icra etdiyi "Cənubi Qafqazda narkotiklərə nəzarət" Regional Yardım Proqramının 4-cü mərhələsi icra olunmaqdadır.

Avropa Birliyinin yerli nümayəndəliyindən Trend ə bildirilib ki, bu layihənin fəaliyyət istiqamətlərindən biri Azərbaycanda sərhəd nəzarətini həyata keçirməklə narkotiklərin qanunsuz dövriyyəsi, qaçaqmalçılığın qarşısının alınması ilə bağlı gömrük-keçid məntəqələrinin işini daha da təkmilləşdirmək, onları zəruri texniki avadanlıqlar, metodoloji vəsaitlər və beynəlxalq təcrübə ilə təmin etməkdən ibarətdir.

Bu baxımdan Sərhəd Ərazilərində Narkotiklərə Nəzarət layihəsi çərçivəsində Avropa Birliyinin eksperti Peter Ranger iyul ayının 11-dən 16-a kimi Azərbaycanda səfərdədir.

Səfərdə əsas məqsəd narkotiklərin əsasən Azərbaycan-İran sərhəddindən keçirilmə ehtimalını nəzərə alaraq, Astara, Biləsuvar, Yardımlı rayonlarının bütün sərhədboyu ərazilərin daha da möhkəmləndirilməsi və lazımi texniki avadanlıqlarla təmin edilməsi istiqamətində qiymətləndirmə aparmaqdır.

Bu məqsədlə artıq beynəlxalq ekspert tərəfindən Azərbaycanın İranla həmsərhəd olan 3 rayonunun gömrük-keçid məntəqələrində Dövlət Gömrük Komitəsinin idarə rəisinin və "Cənubi Qafqazda narkotiklərə nəzarət" proqramının milli koordinatorunun iştirakı ilə müzakirələr aparılıb.

"Cənubi Qafqazda narkotiklərə nəzarət" proqramına uyğun olaraq yaxın vaxtlarda Astara, Biləsuvar və Yardımlı rayonlarında gömrük-keçid məntəqələrinin zəruri texniki avadanlıqlarla təchiz olunması işlərinə başlanacaq.

Xəbər lenti

Xəbər lenti