...

DAHA 5 MÜƏSSİSƏ ÜZRƏ İNVESTİSİYA MÜSABİQƏSİ TƏXİRƏ SALINIB

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 Avqust 2005 11:39 (UTC +04:00)

İqtisadi İnkişaf Nazirliyi (İİN) Dövlət əmlakının idarə olunması və özəlləşdirilməsi departamenti səhmləri satışa çıxarılan daha 5 müəssisə üzrə investisiya müsabiqələrini təxirə salıb.

Departamentdən Trend xəbər agentliyinə verilən məlumata görə, investisiya müsabiqələri təxirə salınan müəssisələr "Cəlilabad-Şərab", "Azərelektroişıq", "H.Z.Tağıyev adına Toxucutikişsənaye Kombinatı", "Bakı Yod" və "Azərşin" Açıq Səhmdar Cəmiyyətləridir. Təxirə salınmanın əsas səbəbi isə sözügedən müəssisəsələrin investisiya müsabiqəsində iştirak etmək üçün müraciət edən iddiaçıların sayının nəzərdə tutulan sayda olmamasıdır.

Qeyd edək ki, əvvəlcə bu müəssisələr üzrə investisiya müsabiqələrinin avqustun ortalarında keçirilməsi müəyyənləşdirilmişdir. İndi isə "Cəlilabad-Şərab", "Azərelektroişıq", "H.Z.Tağıyev adına Toxucutikişsənaye Kombinatı" ASC-ləri üzrə müsabiqə təkliflərinin qiymətləndirilməsinin oktyabrın 3-cü ongünlüyündə, "Bakı Yod" və "Azərşin" ASC-ləri üzrə isə dekabrın əvvəlində keçirilməsi nəzərdə tutulur.

Bundan əvvəl isə səhmləri satışa çıxarılan 4 müəssisə üzrə ("Çiçəkli Su Elektrik Stansiyası", "Bakı Elektriktökmə", "Mingəçevir Toxucu" və "Salyan Plastik Kütlə Emalı") investisiya müsabiqələri təxirə salınmışdır.

Xatırladaq ki, müəssisələrin səhmlərinin satışı üzrə investisiya müsabiqəsində minimum 2 iddiaçı iştirak etməlidir. Əks halda investisiya müsabiqəsi baş tutmamış sayılır.

Xəbər lenti

Xəbər lenti