...

ANKARADA "QARS-AXALKALAKİ-TİFLİS" DƏMİR YOLUNUN İNŞASI ÜZRƏ İŞÇİ QRUPUNUN İCLASI KEÇİRİLƏCƏK

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 Avqust 2005 11:52 (UTC +04:00)

Avqustun 22-23-də Ankarada "Qars-Axalkalaki-Tiflis" dəmir yolunun inşası üzrə işçi qrupunun növbəti iclası keçiriləcək.

Dövlət Dəmir Yolu İdarəsinin (DDYİ) mətbuat xidmətindən Trend xəbər agentliyinə verilən məlumata görə, 2 gün davam edəcək iclasda layihənin texniki tərəfi, tərəflərin layihəni maliyyələşdirməsi və digər maraqlı tərəflərin maliyyə vəsaitlərinin cəlb edilməsi, yeni dəmir yolu xəttinin sonradan birgə istismarı və tikintisi üzrə birgə müəssisənin yaradılması məsələləri müzakirə olunacaq.

İclasda həmçinin nəqliyyat nazirlərinin müşavirəsində müzakirəyə çıxarılaq məsələlərin və təkliflərin razılaşdırılması da nəzərdə tutulur. İşçi qrupunda təmsil olunacaq Azərbaycan ekspertlərinə DDYİ-nin rəis müavini İqbal Hüseynov rəhbərlik edəcək.

Avqustun 24-də isə Ankarada hər 3 ölkənin (Azərbaycan, Türkiyə və Gürcüstan) nəqliyyat nazirlərinin görüşü keçiriləcək. Görüşdə işçi qrupunun iclasında hazırlanacaq sənədlərin imzalanması nəzərdə tutulur.

Nəqliyyat naziri Ziya Məmmədov məzuniyyətdə olduğu üçün b
u görüşdə Azərbaycanı nazir müavini Musa Pənahov təmsil edəcək.

Qeyd edək ki, işçi qrupunun bundan əvvəlki iclaslarında layihənin bəzi detalları ilə bağlı razılıqlar əldə olunub.

Məsələn, qərara alınıb ki, gələcəkdə Qarsdan Axalkalakiyə qədər yeni dəmir yolu Avropa standartlarına uyğun tikilsin, Axalkalakidən Tiflisə qədər yol isə yenidən qurulsun. Həmçinin layihənin texniki-iqtisadi əsaslandırılmasının hazırlanması və marketinq araşdırılmalarının maliyyələşdirilməsi də öz həllini tapmışdır.

Bu işlərə vəsaiti Türkiyə tərəfi ayıracaq. İlkin mərhələdə layihəyə 350 milyon dollar vəsaitin sərf edilməsi nəzərdə tutulur. Layihənin ümumi dəyəri isə 600 milyon dollardır.

Xatırladaq ki, Azərbaycan, Türkiyə və Gürcüstanın ekspertlərindən təşkil olunmuş işçi qrupunun işləri hər 3 ölkənin nəqliyyat nazirlərinin müavinləri səviyyəsində koordinasiya edilir.

Xəbər lenti

Xəbər lenti