...

TÜRKİYƏ ŞİRKƏTİ 1,5 MİLYON ƏDƏD SOSİAL SIĞORTA ŞƏHADƏTNAMƏSİ HAZIRLAYACAQ

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 Avqust 2005 12:24 (UTC +04:00)

Dövlət Sosial Müdafiə Fondu (DSMF) sosial sığorta şəhadətnamələrinin verilməsi ilə bağlı elan etdiyi tenderə yekun vurub.

Fonddan Trend xəbər agentliyinə verilən məlumata görə, tenderdə 4 şirkət iştirak edib. Türkiyənin "Texnik Atılım" şirkəti tenderin qalibi olub.

Artıq gələn ayın sonundan sosial sığorta şəhadətnamələrinin verilməsinə başlanacaq. Hazırda müqavilələr bağlanılır.

Pulsuz paylanacaq şəhadətnamələr ancaq işləyənlərə veriləcək. İşləməyənlər və ya gizli məşğuliyyət sahibləri isə fəaliyyətlərini üzə çıxarmayana qədər bu sənədi daşımaq səlahiyyətinə malik olmayacaqlar.

Artıq DSMF "Texnik Atılım"a 1 milyon 500 min sosial sığorta şəhadətnaməsinin hazırlanması ilə bağlı sifariş verib.

Ümumilikdə fərdi uçot sisteminə start verilməsi qara mühasibatlığın və məşğulluğun gizlədilməsinin qarşısını tədricən alacaq. Belə ki, əgər kimsə indiyədək qeyri-formal çalışırsa, onların sosial müdafiəsi təhlükə altına düşür. Vətəndaş öz hesabında vəsait toplamırsa, deməli gələcək təminatına zərbə vurur.

Əgər işəgötürən sosial sığorta haqqını ödəmirsə, onda işçinin sosial təminatından oğurlamış olur. Xatırladaq ki, hazırda işəgötürənlər 22 faiz, işçilər isə maaşlarından 3 faiz sosial sığorta haqqı ödəyirlər.

Xəbər lenti

Xəbər lenti