...

YAXIN GÜNLƏRDƏ ÖLKƏDƏ KÜTLƏVİ PAMBIQ YIĞIMINA BAŞLANACAQ

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 Avqust 2005 19:40 (UTC +04:00)

Sentyabrın 1-dən ölkədə kütləvi pambıq yığımına başlanacaqdır. Bu barədə Kənd Təsərrüfatı Nazirliyindən Trend xəbər agentliyinə məlumat verilib. Verilən məlumata görə, artıq bir həftədir ki, bəzi rayonlarda seçmə üsulu ilə yetişmiş pambıqların yığımına başlanıb. Pambıq yığımı prosesi isə noyabrın ortalarına qədər davam edəcəkdir.

Ümumilikdə 2005-ci il mövsümündə ölkənin kənd təsərrüfatı rayonlarında pambığın əkin sahəsi ötən mövsümlə müqayisədə 35,2 min hektar artırılaraq 112,9 min hektara çatdırılıb. Bu mövsümdə ən çox əkin işləri Saatlı, Sabirabad, Ağcabədi, Beyləqan, Biləsuvar, İmişli, Neftçala, Bərdə və s. rayonlardakı sahələrdə aparılıb.

"MKT" ASC 65 min hektara yaxın sahədə, "Şəki-İpək" ASC isə təqribən 40 min hektar sahədə pambıq əkib. Yerdə qalan sahələrdə isə İsveçrənin "Cekot" şirkəti və Ağdam ilə Kürdəmirdə fəaliyyət göstərən səhmdar cəmiyyətləri tərəfindən əkin işləri aparılıb.

Qeyd edək ki, bir müddət əvvəl Kənd Təsərrüfatı naziri İsmət Abbasov media nümayəndələri ilə görüşündə bu il ölkədə 185 min ton pambıq istehsalı gözlənildiyini biddirmişdir. Bu isə ötən illə müqayisədə təqribən 50 min ton çoxdur.

Xatırladaq ki, ötən il ölkənin 21 rayonu üzrə 77,7 min hektar sahədə pambıq əkilmiş və yığım mövsümündə sahələrdən 135 min tona yaxın pambıq toplanaraq emal müəssisələrinə satılmışdır. Bu göstərici isə 2003-cü illə müqayisədə 33,2 min ton və ya 35,8% çoxdur.

Xəbər lenti

Xəbər lenti