...

AZƏRBAYCAN HÖKUMƏTİ İLƏ DB ARASINDA 2 SAZİŞ İMZALANIB

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Sentyabr 2005 10:57 (UTC +04:00)

Maliyyə Nazirliyində Azərbaycan hökuməti ilə Dünya Bankı (DB) qrupuna daxil olan qurumlar arasında 2 saziş imzalanıb. Nazirlikdən Trend xəbər agentliyinə verilən məlumata görə, sazişlərdən biri ölkə hökuməti ilə Beynəlxalq İnkişaf Assosiasiyası (BİA) arasında imzalanıb.

Bu sazişə görə BİA Azərbaycana "Azərbaycanda yoxsulluğun azaldılması və iqtisadi inkişaf üzrə dövlət proqramı" çərçivəsində 20 milyon dollar həcmində 1-ci kredit tranşını ayıracaq. 2-ci saziş isə Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı (BYİB) ilə imzalanıb.

Bu saziş çərçivəsində "Elektron hökumət satınalmalarının gücləndirilməsi" layihəsi üzrə İnstitusional İnkişaf Fondundan 299 min dollar qrant ayrılacaq. Sazişləri ölkə hökuməti adından maliyyə naziri Əvəz Ələkbərov, Dünya Bankı adından isə bankın məsul işçisi Çarlz Qriffin imzalayıb.

Xatırladaq ki, DB-nin Direktorlar Şurasında təsdiq olunmuş, lakin kredit müqavilələri imzalanmamış daha 2 layihə var.

Bunlar dəyəri 48 milyon dollar olan "Elektrik ötürücü sistemi" layihəsi və bank tərəfindən 8 milyon dollar kredit ayrılması barədə qərar qəbul olunmuş "Kənd yerlərində ətraf mühitin qorunması" layihəsidir.

Hazırda isə DB Azərbaycanda dəyəri təqribən 390 milyon dollar olan 18 layihəni maliyyələşdirir.

Xəbər lenti

Xəbər lenti