...

AZƏRBAYCANDA ÇAYÇILIĞIN İNKİŞAFI PERSPEKTİVLƏRİ MÜZAKİRƏ OLUNUB

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 Sentyabr 2005 19:20 (UTC +04:00)

Sentyabrın 21-də iqtisadi inkişaf nazirliyi Azərbaycanda çayçılığın inkişafı perspektivlərinin müzakirəsi məqsədilə sahibkarlarla və müxtəlif qəbildən olan ekspertlərlə görüş keçirib. Trend bildirir ki, tədbirdə Zaqatala, Masallı, Astara və Lənkəran rayonlarının icra hakimiyyəti başçılarının aqrar məsələlər üzrə müavinləri, emal müəssisələrinin ekspertləri, beynəlxalq təşkilatların nümayəndələri və başqaları iştirak edib.

İqtisadi inkişaf naziri Fərhad Əliyev qeyd edib ki, tədbirin keçirilməsində əsas məqsəd çay istehsalı həcminin artırılması, bu istiqamətdə problemlərin həlli yolları, hökumətin yardımının zəruri olduğu yerlərdə əsas vektorların müəyyən edilməsidir.

Çay mütəxəssisləri çıxış edərkən vurğulayıb ki, ölkədə çay məhsulunun ən yüksək istehsal həcmi 1988-ci ildə müşahidə olunub, 34 min ton təşkil edib.Bu gün bu rəqəm 1048 ton (2004-cü ilin göstəricisinə əsasən) təşkil edir.

Azərbaycanda çay yetişdirilməsi üçün yararlı 29 min HA torpaq mövcuddur.Amma hazırda bunun böyük bir hissəsi istismardan kənarda qalıb. GTZ çayı üzrə mütəxəssis Vije Bedo Conpillai Azərbaycan regionlarında çayçılıq sektorunun inkişafı çərçivəsində həyata keçirilmiş işlərin təqdimatı ilə çıxış edib.

Görüşdə iştirak edənlər bildirib ki, regionlarda çayçılığın inkişafı üçün hər şeydən öncə, fermerlərin güzəştli kreditlərlə təminatı, çay plantasiyalarının genişləndirilməsi üçün çirklənmiş sahələrin təmizlənməsi üzrə işlərə başlanılması zəruridir.

F.Əliyev qeyd edib ki, iştirakçıların təqdim etdiyi bütün təkliflərin əsasında müvafiq sənədlər hazırlanacaq və baxılmaq üçün lazımi instansiyalara göndəriləcək.

Xəbər lenti

Xəbər lenti