Aparılmış monitorinq nəticəsində Azərbaycanda "quş qripi"nin yayılması faktı aşkar edilməyib. Kənd Təsərrüfatı Nazirliyi baytarlıq laboratoriyasının direktoru Elman Aslanovun Trend ə bildirdiyi kimi, baytarlıq xidməti, Ekologiya və Təbii Sərvətlər, o cümlədən Səhiyyə nazirliklərinin mütəxəssisləri və Azərbaycan Ovçular Cəmiyyətinin iştirakı ilə monitorinq noyabrın 9-da səhər saat 6-da başlayıb.
"Hazırda monitorinq Ağcabədi, Lənkəran və digər rayonlarda aparılır", - deyə E.Əsgərov bildirib.
Onun sözlərinə görə, bu dövr ərzində ölkə ərazisində xəstəliyin yayılması faktı aşkar edilməyib.
Sayca artıq üçüncü olan respublika səviyyəsində aparılan monitorinq noyabrın 16-da başa çatacaq və onun ümumi nəticiləri gələn həftə məlum olacaq.
Baytarlıq xidmətində quş qripi xəstəliyinin yayılmasına qarşı tədbirlər görülür: sərhədlərdə nəzarət gücləndirilib, müvafiq işlər həyata keçirmək məqsədilə ayda iki dəfə broyler müəssisə rəhbərlərinin iştirakı ilə iclas keçirilir.