...

Bakıda növbəti mikromaliyyə konfransı gələn ilin əvvəlində keçiriləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 Noyabr 2005 18:46 (UTC +04:00)

Gələn il yanvar ayının ortalarında Bakıda 3-cü mikromaliyyə konfransı keçiriləcəkdir. Bu barədə Azərbaycan Mikromaliyyə Assosiasiyasından (AMA) Trend xəbər agentliyinə məlumat verilib. Verilən məlumata görə, tədbir 2005-ci il mikromaliyyə ilinin yekunlarına həsr olunacaqdır. Konfransda 2005-ci ildə mikromaliyyə sahəsində əldə olunmuş nailiyyətlər və 2006-cı ilə qarşıda duran planlar müzakirə olunacaq, həmçinin Milli Koordinasiya Komitəsinin hesabatı dinləniləcəkdir. Konfransın dəqiq vaxtı isə dekabrın ortalarında müəyyənləşdiriləcəkdir. AMA, İqtisadi İnkişaf Nazirliyi və BMT-nin Bakı nümayəndəliyinin təşkilatçılığı ilə keçiriləcək konfransda beynəlxalq maliyyə qurumlarının, yerli mikromaliyyə təşkilatlarının, müvafiq hökumət qurumlarının və səfirliklərin nümayəndələrinin iştirakı nəzərdə tutulur.

Qeyd edək ki, Azərbaycanda fəaliyyət göstərən 19 mikromaliyyə təşkilatı tərəfindən indiyədək müştərilərə təqribən 178,5 milyon dollar həcmində kredit verilib. Hazırda bu təşkilatların ümumi kredit portfelinin həcmi 52 milyon dollardır. Fəaliyyət göstərən mikromaliyyə təşkilatları tərəfindən isə müştərilərə 100 dollardan 125 min dollaradək kredit verilir.

Xatırladaq ki, AMA 2001-ci ilin dekabrında 8 təşkilatın təsisçiliyi ilə yaradılmışdır. Hazırda təşkilatın 15 üzvü vardır. Bunlardan 14-ü bilavasitə mikromaliyyə fəaliyyəti ilə məşğul olur, 15-ci təşkilat "Mercy Corps" isə bir neçə mikromaliyyə təşkilatına mikro kreditlər verməsi üçün vəsait ayırır. Yerdə qalan və yenicə mikromaliyyə fəaliyyəti ilə məşğul olmağa başlayan digər təşkilatların da yaxın gələcəkdə AMA-ya üzv olması gözlənilir.

Xəbər lenti

Xəbər lenti