...

Azərbaycan və Çexiya arasında ikiqat vergitutmanın aradan qaldırılmasına dair saziş imzalanıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 Noyabr 2005 12:03 (UTC +04:00)

Noyabrın 24-də Praqada Azərbaycan və Çexiya hökumətləri arasında gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergilərin ödənilməsindən yayınmanın qarşısının alınması haqqında" saziş imzalanıb. Trend in xəbər verdiyi kimi, Azərbaycanın Vergilər Nazirliyinin noyabrın 25-də yayılmış məlumatında bildirilir ki, sənəd Azərbaycanın Vergilər naziri Fazil Məmmədov və Çexiyanın baş nazirinin müavini, maliyyə naziri Boquslav Sobotka arasında imzalanıb.

Məlumatda o da qeyd olunur ki, indiyədək Azərbaycan bu məsələ ilə bağlı 40 ölkə ilə danışıqlar aparıb və bu günə kimi Türkiyə, Böyük Britaniya, Avstriya, Norveç, Rusiya, Ukrayna, Qazaxıstan, Belarusiya, Gürcüstan, Moldova, Özbəkistan və Almaniya kimi 15 ölkə ilə belə sazişlər imzalanıb.

2005-ci ildən Litva və Rumıniya ilə ikiqat vergitutmanın aradan qaldırılmasına dair sazişin tətbiqinə başlanılıb. Polşa ilə analoji saziş qüvvəyə minib və gələn ilin yanvarından tətbiq ediləcək. Həmçinin, Belçika, İsveçrə, Pakistan, Fransa, Almaniya ilə sazişlər təsdiq edilib və onların qüvvəyə minmə tarixlərinin razılaşdırılması gözlənilir.

Kanada, Çin, Finlandiya və Latviya ilə müvafiq sazişlər imzalansa da, hələ qüvvəyə minməyib. Daha 9 ölkə ilə (Bolqarıstan, Qətər, Danimarka, Estoniya, İsveçrə, İsveç, Niderland, Küveyt və Lüksemburq) saziş layihələri tam razılaşdırılıb və imzalanma mərhələsini gözləyir.

Hazırda Azərbaycan bu istiqamətdə daha 6 ölkə ilə danışıqları davam etdirir. Bu dövlətlərin sırasına Yunanıstan, Hindistan, İran, Birləşmiş Ərəb Əmirlikləri, Qırğızıstan və Oman daxildir.

Xəbər lenti

Xəbər lenti