...

Ziyafət Əsgərov: "Bələdiyyələr İttifaqının Nizamnaməsi haqqında qanun layihəsinə prezidentin etirazı əsaslıdır"

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 Dekabr 2005 15:52 (UTC +04:00)

Artıq Milli Məclisdə ilk oxunuşdan keçmiş "Alternativ hərbi xidmət haqqında" Qanun parlamentin indiki sessiyasında müzakirəyə çıxarıla bilər. Trend in məlumatına görə, bu barədə jurnalistlərə açıqlamasında Milli Məclisin birinci vitse-spikeri, parlamentin Təhlükəsizlik və Müdafiə Məsələləri Daimi Komissiyanın sədri Ziyafət Əsgərov məlumat verib.

O bildirib ki, "Alternativ hərbi xidmət haqqında" Qanunun qəbul olunmasında heç bir problem yoxdur. Sadəcə olaraq bundan əvvəl bəzi müvafiq dövlət orqanları ilə birgə müzakirələr aparmaq lazımdır: "Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən, Qafqaz Müsəlmanları İdarəsindən, Müdafiə Nazirliyindən rəylər almışıq və onlar ümumiləşdirilərək öyrənilib. Biz qanunun qəbulundan əvvəl istəyirik ki, bu qurumların nümayəndələri ilə görüş keçirək və konkret razılığa gələk. Bundan sonra qanunun növbəti oxunuşları üçün Milli Məclisin müzakirəsinə çıxaraq", - deyə Z.Əsgərov bildirib.

O rəhbəri olduğu komissiyanın indiki sessiya ərzində müzakirəyə çıxaracağı qanun layihələri barədə də məlumat verərək bildirib ki, Bolqarıstanla Azərbaycan arasında Avroatlantik məkana inteqrasiya ilə bağlı Memorandum, "Dövlət sirri haqqında" Qanunun və Əmək qanunvericiliyinin tətbiqi ilə əlaqədar bəzi qanunvericilik aktlarına əlavə və dəyişikliklərin edilməsi məsələlərinə baxılacaq. Həmçinin, "Hərbi qulluqçuların statusu haqqında" qanuna dəyişikliklər olacaq.

Vitse-spiker dekabrın 17-də saat 12.00-da Təhlükəsizlik və Müdafiə Məsələləri Daimi Komissiyanın iclasının keçiriləcəyini və sözügedən məsələlərin müzakirə olunacağını deyib.

Z.Əsgərov onu da bildirib ki, "Bələdiyyələr İttifaqının Nizamnaməsi haqqında" qanun layihəsinə baxılması məsələsi Milli Məclisin gündəliyindən çıxarılacaq: "Bələdiyyələr İttifaqının Nizamnaməsi ilə bağlı prezidentdən etiraz məktubu daxil olmuşdu. Bu məsələ regional məsələlər üzrə daimi komissiyada müzakirə edildi və etirazın əsaslı olduğu aşkar edildi. Ona görə də Bələdiyyələr İttifaqının Nizamnaməsi haqqında qanun layihəsinə baxılmayacaq".

Xəbər lenti

Xəbər lenti