...

Vergilər Nazirliyi: Azpetrol müəssisələrində aparılan vergi yoxlamaları zamanı qanun pozuntuları aşkar edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 Dekabr 2005 13:18 (UTC +04:00)

Azərbaycanın Vergilər Nazirliyinin qərarına müvafiq olaraq "Azpetrol Neft şirkəti", "Azpetrol LTD", "Azərtrans LTD"-də vergi qanunvericiliyi və digər məcburi ödənmələr üzrə normaların yerinə yetirilməsini ilə bağlı səyyar vergi yoxlamaları aparılıb

Yoxlamalar zamanı müəyyən edilib ki, "Azpetrol Neft Şirkəti" MMC tərəfindən 2001-ci ilin yanvar ayında nizamnamə kapitalı 1,0 milyon manat təşkil etməklə "Azərtrans Ltd." MMC təsis edilib, 2002-ci ilin oktyabrında əmlak verməklə nizamnamə kapitalı 27,2 milyard manata çatdırılıb və 2004-cü ilin iyun ayında 100%-lik payı, həmçinin cəmiyyətin mülkiyyətində olan 171,6 milyard manat əmlakı və 206,2 ha torpaq sahəsi əvəzsiz qaydada Niderland Krallığının "Allied Meridian Oil & Gas Group B.V." şirkətinə verilib. Bu şirkət isə 2005-ci ilin yanvar ayında "Azertrans Ltd."dəki 100%-lik payını əvəzsiz olaraq, yəni heç bir vəsait ödənilmədən Niderland Krallığının digər hüquqi şəxsi olan "Azeri Oil Services Group B.V." şirkətinə verib.

Bundan başqa, "Azpetrol Neft Şirkəti" 2003-cü ilin fevral ayında Türkiyənin "Milanqaz LPG Dağıtım və Sənaye A.Ş." Şirkəti (50%) ilə birlikdə "A&D" MMC-ni, 2004-cü ilin oktyabr ayında "Azpetrol Ltd." MMC-ni təsis edib və 2005-ci ilin fevral ayında "A&D" MMC-dəki 1,1 milyon ABŞ dolları məbləğində 50%-lik payını və "Azpetrol Ltd." MMC-dəki 3,9 milyard manat 100%-lik payını yuxarıda qeyd olunduğu kimi, dəyəri ödənilmədən əvəzsiz olaraq tam şəkildə Niderland Krallığının "Allied Meridian Oil & Gas Group B.V." şirkətinə verib.

Yoxlamalar zamanı müəyyən edilib ki, payların və təsisçilərin dəyişməsi nəticəsində "Azərtrans LTD" MMC tərəfindən cəmiyyətdə heç bir payı olmayan Niderland Krallığının "Azpetrol Group B.V." şirkətinə qanunsuz olaraq 11.07.2005-ci il tarixdə divident şəklində 9,2 milyon ABŞ dolları məbləğində ödəniş aparılıb. Ümumiyyətlə, "Azpetrol" şirkətlər qrupuna daxil olan müəssisələr tərəfindən xarici dövlətlərdə qeydiyyatda olan təsisçilərə mənfəətdən 13,9 milyon ABŞ dolları və ya 66,0 milyard manat məbləğində divident ödənilib.

Yuxarıda adları qeyd olunan cəmiyyətlərin təsis sənədləri araşdırılarkən məlum olub ki, cəmiyyətlərin təsis sənədlərinin qeydiyyatı, yenidən qeydiyyatı və təsis sənədlərinə edilmiş dəyişikliklər zamanı Azərbaycan Respublikasının Mülki Məcəlləsinin və "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" Qanunun müddəalarının pozuntusuna yol verilib.

Bununla bağlı Vergilər Nazirliyi yenidən qeydiyyatın, təsis sənədlərinə edilmiş dəyişikliyin və qeydə alınmış faktların sonrakı dəyişikliyinin qeydiyyatının etibarsız hesab edilməsi məqsəli ilə "Beynəlxalq müqavilələrdən irəli gələn məsələlərə dair İqtisad Məhkəməsinə" iddia ərizəsi ilə müraciət edib və qaldırılmış iddia məhkəmə tərəfindən təmin edilib.

Hazırda "Azpetrol" şirkətlər qrupuna daxil olan müəssisələrdə yoxlamalar davam edir. Yoxlamalar zamanı hər hansı qanun pozuntuları aşkar edildiyi halda qanunamüvafiq tədbirlərin görülməsi üçün müvafiq orqanlara məlumatların verilməsi təmin olunacaq.

"Azpetrol" şirkətlər qrupuna daxil olan müəssisələr hazırda öz fəaliyyətini normal şəraitdə davam etdirir və aparılan yoxlamalar müəssisələrin fasiləsiz işləməsinə heç bir təsir göstərmir.

Xəbər lenti

Xəbər lenti