...

Ipoteka kreditlərinin verilməsi qaydaları dərc olunub

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 Dekabr 2005 13:28 (UTC +04:00)

Azərbaycan Respublikasinin Milli Banki nəzdində Azərbaycan Ipoteka Fondunun (AİF) vəsaiti hesabina ipoteka kreditlərinin verilməsi qaydaları dekabrın 23-də dərc olunub. Trend xəbər verir ki, müvəkkil kredit təşkilatları Milli Bankı tərəfindən təsdiq olunmuş siyahıya daxil olan və AİF ilə Baş saziş imzalamış bank və ya bank olmayan kredit təşkilatları olmalıdır. İpoteka krediti isə yaşayış sahəsinin alınması məqsədi ilə daşınmaz əmlakla təmin olunmaq şərti ilə müvəkkil kredit təşkilatı tərəfindən verilən borc sayılır

İpoteka krediti üzrə faiz dərəcəsi müvəkkil kredit təşkilatı tərəfindən borcalana verilən ipoteka krediti üzrə illik faiz dərəcəsi kimi müəyyən olunur.

AİF-in vəsaiti hesabına verilən ipoteka kreditlərinin şərtlərinin bunlardır:

AİF-in vəsaiti hesabına verilən kreditlər aşağıdakı tələblərə cavab verməlidir:kredit Azərbaycan manatı ilə verilməlidir;. kredit vətəndaşına verilməlidir; kredit 3 ildən 15 ilədək müddətə verilməlidir; kreditin məbləği 150 000 000 manatdan (30 000 yeni manatdan) çox olmamalıdır; kredit üzrə illik faiz dərəcəsi 12%-dən çox olmamalıdır; kreditin məbləği kreditin verildiyi tarixə ipoteka ilə yüklü edilən daşınmaz əmlakın bazar qiymətinin 70%-dən çox olmamalıdır; ipoteka kreditləri üzrə ödəniləcək aylıq məbləğ borcalanın (borcalanların) aylıq məcmu gəlirinin 50%-dən çox olmamalıdır; kreditin son ödəniş tarixinə borcalanın yaşı qanunvericiliklə müəyyən olunmuş pensiya yaş həddindən çox olmamalıdır; kredit daşınmaz əmlakın ipotekası ilə təmin olmalıdır; ipoteka ilə yüklü edilən daşınmaz əmlak müstəqil qiymətləndirici tərəfindən qiymətləndirilməlidir; ipotekasaxlayanın hüquqları qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınmalıdır; kredit üzrə əsas borc və hesablanmış faizlər hər ay bərabər hissələrlə (annuitent ödənişlər) ödənilməlidir; borcalanın həyatı və əmək qabiliyyəti, eləcə də ipoteka ilə yüklü edilmiş daşınmaz əmlak bazar qiyməti əsas götürülərək ipoteka ilə təmin edilən kreditin həcmindən az olmamaq şərtilə sığortalanmalıdır;

İpoteka kreditləri üzrə hüquqların əldə olunması baxımından: Müvəkkil kredit təşkilatı verdiyi ipoteka kreditlərinin yenidən maliyyələşdirilməsi üçün AİF-ə ərizə ilə müraciət edə bilər. AİF ərizəni qəbul etdiyi tarixdən 10 iş günü ərzində müvəkkil kredit təşkilatı ilə Baş saziş və Xidmət müqaviləsini bağlayır. Baş saziş və Xidmət müqaviləsinin standart formaları AİF tərəfindən təsdiq olunur. İpoteka krediti üzrə hüquqların AİF tərəfindən əldə olunması üçün müvəkkil kredit təşkilatı ona müraciət edir və kredit dosyesinə daxil olan sənədlərin surətlərini AİF-ə təqdim edir. AİF verilmiş ipoteka kreditlərinin bu Qaydalar ilə müəyyən edilmiş tələblərə uyğunluğunu yoxlayır və müvəkkil kredit təşkilatına yazılı qaydada razılığını və ya imtina etdiyini 10 iş günü ərzində bildirir.

İpoteka kreditinin alınmasının rəsmiləşdirilməsi aşağıdakı üsullardan biri ilə həyata keçirilir: ipoteka kağızının üzərində qanunla müəyyən olunmuş qaydada indossamentlə verilmə qeydi aparılaraq AİF-ə ötürülməsi; tələbin güzəşti müqaviləsinin imzalanması ilə.

AİF aşağıdakı şərtlərlə ipoteka krediti üzrə tələb hüququnun geri alınmasını tələb edir: 60 gün ərzində ipoteka krediti üzrə borcalan borcu (əsas borc və faizlər) vaxtında və ya tam həcmdə ödəmədiyi təqdirdə; qəbul olunmuş sənədlərin bu Qaydalara və AİF-in tələblərinə uyğun olmaması aşkarlandıqda v.s.

Bu Qaydalarla həllini tapmamış məsələlər AİF-in digər normativ aktları və Azərbaycan Respublikasının qanunvericiliyi ilə tənzimlənir.

Xəbər lenti

Xəbər lenti